Hadisə

Sahibkar: “Xalqbank” sahibkarları obyektlərinə buraxmır

“Yasmin” Biznes Mərkəzini girov qoyan Mərhəmət Bəşirov özü həbsdə, Mərkəzdəki obyektlərin sahiblərinin başı dərddə…

“O bina, demək olar ki, biz sahibkarların puluyla tikilib. İndi “Xalqbank” gətirib binaya heç bir məhkəmə qərarı olmadan qanunsuz mühafizə yerləşdirib, bu ilin yanvarından sahibkarları binaya buraxmırlar. Təkcə mən birtəhər içəri keçə bilirəm. Orda mənim aptekim var. İşığı, suyu kəsiblər, aptekə gəlmək istəyən müştəriləri içəri buraxmırlar, çox acınacaqlı bir vəziyyət yaradıblar”.

Bunu Meydan TV-yə 13 il əvvəl “MARS-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” Biznes Mərkəzindən aldığı sahəyə çətinliklə daxil olan sahibkar Qalib Məmmədov deyir.

“Yasmin” Biznes Mərkəzindən illər öncə obyekt alan və indi çıxılmaz duruma düşən təkcə Qalib Məmmədov deyil. 20-yə yaxın sahibkar eyni vəziyyətlə qarşılaşıb. Biznes Mərkəzinin sahibi və hazırda 11 illik həbsdə olan Mərhəmət Bəşirov 2015-ci ildə binanın bir hissəsini “Xalqbank”da girov qoyaraq 5 milyon manat kredit götürüb. Krediti ödəyə bilmədiyi üçün “Xalqbank” sahibkarlara məxsus obyektləri də binanın gözünə qataraq əllərindən alıb. Ancaq sahibkarın deməsinə görə, bu işlə bağlı hələlik məhkəmə davam etdiyi üçün “Xalqbank”ın hərəkəti qanunsuzdur.

Qalib Məmmədov danışır ki, 2009-cu ildən başlayaraq binanın özülü qoyulanda ayrı-ayrı şəxslər sahibkarlıq məqsədilə həmin obyektləri alqı-satqı müqaviləsiylə almağa başlayıb. Sahibkarlar ümumilikdə obyektlərə 5 milyon manat ödəyiblər. Təmir işləri apardıqdan sonra hər kəs öz obyektini fəaliyyət növünə uyğun olaraq istifadə etməyə başlayıb. Mərhəmət Bəşirov obyekt sahiblərindən xəbərsiz və razılıqsız ümumi sahəsi 22 min 800 kvadratmetr olan binanın 16 min 100 kvadratmetrini BTİ-dən aldığı ilkin Çıxarış sənədiylə “Xalqbank”da ipoteka girovluğuna qoyub, 5 milyon manat kredit götürüb. Sahibkarlar bundan kredit ödənilmədiyi üçün “Xalqbank”ın binaqarışıq obyektlərə “əl qoymasından” sonra xəbər tutublar:

“Binanın 16 min 100 kvadratmetri girov qoyulsa da, “Xalqbank” məhkəmələrdə binaya tam şəkildə sahib olmaqla bağlı iddia qaldırıb, hələlik o məhkəmələr davam edir. Ancaq məhkəmələr davam etdiyi və sahibkarların binadan çıxarılmasına dair hər hansı qərar olmadığı bir halda “Xalqbank” sahibkarları binaya buraxmır”.

Sahibkar deyir, 5 milyon manat kredit manatla götürülsə də, devalvasiyadan sonra Mərhəmət Bəşirova təzyiq göstərərək borcu manatdan dollara keçiriblər. Nəticədə Mərhəmət Bəşirovun ödəmədiyi kreditə görə faizlərlə birlikdə banka 17 milyon dollar borcu yaranıb.

Sahibkarlar da məhkəmədə iddia qaldırıblar ki, Mərhəmət Bəşirovun binanı BTİ-dən aldığı ilkin Çıxarış əsasında girov qoyması qanunsuz hesab edilsin və Çıxarış etibarsız sayılsın. Ancaq məhkəmə iddianı təmin etməyib. Sahibkarların apelyasiya və kassasiya şikayətləri də təmin olunmayıb:

“Halbuki, “Xalqbank” girovu qəbul etməmişdən əvvəl binadakı obyektlərə baxış keçirməliydi, sahibkarlarla danışmalıydı. O ilkin Çıxarışı almaq vaxt tələb edən işdir, sənədlərin toplanması, araşdırılması, təsdiqlənməsi, Çıxarışın verilməsi aylarla çəkən prosesdir. Ancaq bunlar saxtakarlıq edib bu işi bir neçə günə “həll ediblər”.

Sahibkarlar Avropa Məhkəməsinə müraciət ediblər. Qalib Məmmədovun deməsinə görə, Avropa Məhkəməsi şikayəti icraata götürüb.

Qalib Məmmədov yaranmış durumdan sahibkarların zərərlərinin hər gün artdığını deyir: “Şəxsən mən obyektə 300 min manat xərcləmişəm. Hələ təmiri, başqa xərcləri demirəm… Elə sahibkar var ki, 1 milyon manat xərci çıxıb, eləsi var 200 min, 500 min manat… Obyektlərinə yaxın buraxılmayan sahibkarlar da bu obyektləri işlətmək üçün banklardan borca giriblər, indi sahibkarlıq fəaliyyətiylə məşğul ola bilmədiklərinə görə müflisləşiblər, borclarını da qaytara bilmirlər”.

Meydan TV məsələyə Xalq Bankdan münasibət öyrənə bilməyib. Ancaq ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Mərhəmət Bəşirovun keçirilən məhkəmə iclasında bankın baş filialının kredit idarəsinin rəisi Azər Cəlilzadə “Mars-M” firmasıyla bank arasındakı məsələlərdən danışıb. O deyib ki, bank tərəfindən 2013-cü ilin oktyabr ayında Mərhəmət Bəşirovun müraciəti əsasında “Mars-M” firmasına əvvəl 7 milyon, sonra 3 milyon və daha sonra 4 milyon manat olmaqla, ümumilikdə 14 milyon manat kredit verilib.

Kreditin təminatı olaraq Səməd Vurğun küçəsi 120 ünvanın da yerləşən 2704 kvadratmetr torpaq sahəsi və üzərində inşa edilmiş 5 mərtəbəli qeyri-yaşayış ipoteka ilə yüklü edilib. Kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq Çıxarışlar verilib.

Mövcud kredit borcunun bağlanması, təmir-tikinti və quraşdırma işlərinin aparılması üçün Mərhəmət Bəşirov 2015-ci ilin iyulunda təkrar banka müraciət edib.

Bank ona bu dəfə 17 milyon dollar kredit ayırıb. Həmin kreditin də təminatı olaraq əvvəlki kredit üzrə girov qoyulmuş əmlaklar sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilib. Bu barədə bankın adına reyestr xidmətindən Çıxarış verilib. Kredit verildikdən təxminən bir il sonra “Mars-M” firması banka qarşı iddia ilə 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin ləğvini tələb edib. Həmin iddiaya qarşılıq olaraq bank tərəfindən “Mars-M” firmasının banka olan borcunun ödənilməsi barədə iddia verib.

Məhkəmə firmanın iddiası təmin etməyib, bankın iddiası isə təmin olunub. Ödənilməyən borc yığılan faizlərlə birlikdə girov qoyulmuş əmlaka yönləndirilib. Bank nümayəndəsi onu da bildirib ki, əmlak ipoteka ilə yüklü edilməzdən əvvəl yoxlanılıb. Əmlakların yüklülüyü barədə heç bir fakt qeydə alınmayıb. Sonradan məlum olub ki, “Mars-M” firması tərəfindən həmin qeyri-yaşayış sahəsindən bir neçə mağaza ayrı-ayrı şəxslərə satılıb.

Mərhəmət Bəşirovun həmin məhkəməsində girov qoyulmuş binadakı sahibkarlar zərərçəkmiş qismində dindiriliblər. Onların deməsinə görə, bu günədək də onların binadan çıxarılmasıyla bağlı hər hansı məhkəmə qərarı və icra vərəqəsi yoxdur, bank özbaşınalıq edərək 6 aydır binaya mühafizəçilər yerləşdirərək onların öz obyektlərinə girişini əngəlləyib.

“MARS-M” şirkətinin sahibi olmuş Mərhəmət Bəşirov Texniki Universitetin prorektoru Bəşir Bəşirovun oğludur. O, bu işlə əlaqədar əvvəlcə 4 il 6 ay cəza alıb. Sonra başqa bir sahibkar ondan şikayətçi olub, ortalığa 1 milyon manatdan çox daha bir borc müqaviləsi də çıxıb və Mərhəmət Bəşirov ikinci dəfə mühakimə olunaraq cəzası 11 ilə çatdırılıb.

Bənzər yazılar

Back to top button