Hadisə

Bakıda taksi sürücüləri ilə sərnişinlərin bir manatlıq kondisioner davası: Kim haqlıdır?

Yay gələn kimi ictimai nəqliyyatda kondisioner problemi də başlayır. Bakının yollarında zaman-zaman yaranan tıxacları nəzərə alsaq, insanları başa düşmək çətin deyil.

Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir video müzakirələrə səbəb olub.

Belə ki, paytaxtda taksi xidmətindən istifadə edən vətəndaşlardan biri anormal halla qarşılaşıb. Taksi sifariş verən şəxs sürücüdən kondisioneri yandırmasını xahiş edir. Sürücü isə bunun üçün gediş haqqından əlavə bir manat pul tələb edir. Hətta bunu elan kimi yazaraq avtomobilə yerləşdirib.

Bu məsələdə nə taksi sürücülərini qınamaq olur, nə də sərnişinləri. Belə ki, taksi sürücüləri deyirlər ki, A məntəqəsindən B məntəqəsinə qədər hesablanan gediş haqqı çox azdır:

“Müştəriləri itirməsinlər deyə taksi şirkətləri aşağı qiymət təklif edirlər. Sərnişin isə avtomobilə əyləşəndə qışda soba, yayda isə kondisionerin yandırılmasını istəyir. Bu isə əlavə yanacaq sərfiyyatıdır. Biz müştəriyə izah edə bilmirik ki, onun verdiyi gediş haqqı heç avtomobilin yanacaq xərci etmir. Avtomobilin benzindən əlavə, yağı var, müxtəlif diaqnostikaları var. O cür işləmək bizə də sərf etmir axı. Biz də ailəmizi dolandırmaq üçün yollara çıxmışıq”.

Bir neçə taksi sürücüsü ilə həmsöhbət olduq və aşağı-yuxarı eyni cavabı aldıq.

Sərnişinlər isə düşünürlər ki, bu xidmətlər gediş haqqına daxildir.

Oxu.az-ın əməkdaşı bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışıb. Eyni məsafə üçün gediş haqlarının hesablanmasını istədik. Əlaqə saxladığımız şirkətlərdən ikisi sifariş zamanı sərnişinin kondisioner istifadəsinə dair istəyini bildirməli olduğunu deyib. Çünki bu xidmət üçün şirkətlərdən biri əlavə 0,70 AZN, digəri isə 1 AZN əlavə ödəniş tələb edir.
https://www.instagram.com/p/Cek4OZuAzFy/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again

Bənzər yazılar

Back to top button