Hadisə

“Badü Kübə” MTK-nın sahibinə AĞIR İTTİHAM: “Məni ölümlə hədələyir” – Şəhid ailəsinin üzvü

Tanınmış tikinti şirkətinin rəhbəri vətəndaşı ölümlə təhdid etməkdə ittiham olunur.

Yenicag.az xəbər verir ki, şəhid ailəsinin üzvü, Lənkəran şəhəri Səttarxan küçəsi döngə 2 ev 19 ünvanında yaşayan 79 yaşlı Məmmədova Cəmilə Həzrətqulu qızı “Badü Kübə” MTK-nın rəhbəri Ədalət Qəmbərovun onu ölümlə hədələdiyini deyib.

Cəmilə Məmmədova təhdid olunması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb.

Şikayətçi öz müraciətində bildirib ki, eyni mənzili bir neçə nəfərə satmaqda ittiham olunaraq işi Suraxanı Rayon Məhkəməsinə verilən “Badü Kübə” MTK-nın rəhbəri Ədalət Qəmbərov 2022-ci il iyunun 10-u saat 22-00 radələrində ona zəng vuraraq ölümlə təhdid edib.

Qadın bundan sonra Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək təhdid olunması ilə əlaqədar məlumat verib. Daha sonra halı pisləşən qadın üçün təcili tibbi yardım çağırılıb və həkimlər ona dəqiqləşdirilməmiş nevratin pozğunluq diaqnozu qoyublar. Şikayətçi əlavə edib ki, 102 xidmətinə təhdid olunması haqda məlumat verilsə də, hələ bu işlə maraqlanan, gəlib ondan ifadə alan olmayıb.

Cəmilə Məmmədova müraciətinin yekununda bu məsələyə dair tədbir görülməsini xahiş edib.

Bənzər yazılar

Back to top button