İdman

“Özlərini hədsiz yekəxana aparırdılar” – Şahruddin

“Güclü rəqibə qarşı 120 dəqiqə mübarizə apardıq. Yorğunuq və bu da normaldır. Əsas məqsədimiz mərhələ adlamağa sərf edən nəticəni əldə etmək idi ki, bunu da bacardıq”.

AzToday.az sports.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” görüşünü (2:2) şərh edərkən deyib.

Oyunda ən diqqətçəkən məqam matçın əvvəlində təmsilçimizin buraxdığı qol idi. Rəqibin cinah ötürməsindən sonra Şahruddin topa çıxsa da, Maksimlə aralarındakı anlaşılmazlıq nəticəsində kapitan topu öz qapısından keçirdi.

Şahruddin həmin an yaşananlara aydınlıq gətirib:

“Futbolda belə hallar çox olur. Düzünü desəm, topa çıxanda qışqırmadım. Maksimin topu buraxacağını düşünürdüm. Çünki arxasında mən idim. Eybi yox, oldu keçdi. Bəlkə də həmin dəqiqədə qol buraxmağımız xeyrimizə oldu, komandanı “ayıltdı”.

“Sürix”lilərin etdikləri millimizin “1 nömrə”sini xeyli təəccübləndirib. Rəqib futbolçuların yekəxanalığı və bəzi anlarda artıq hərəkətlərə yol verməsi Məhəmmədəliyevin ağlında sual yaradıb:

“Sürix” məndə çox pis komanda təsir bağışladı. Özlərini apara bilmirdilər. Bildiyim bir şey var ki, insan bir az yüksəkdə olanda sadəliyini qorumalıdır. Onlar özlərini hədsiz yekəxana aparırdılar. Düşünürdüm ki, Avropanın mərkəzində yaşayanlar bunları bilmir?

Hələ Bakıdakı oyundan sonra baş məşqçiləri açıqlamasında elə ifadələr işlətmişdi ki, hiss olunurdu bizim onlardan üstün olduğumuzu qəbul edə bilmirlər. Amma biz danışığımızla, yaxud artıq hərəkətlərimizlə yox, meydandakı performansla və bunun ədalətli nəticəsi olan tablodakı rəqəmlərlə onlardan güclü olduğumuzu göstərdik”.

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində növbəti matçını avqustun 3-də Bakıda “Ferentsvaroş”a qarşı keçirəcək. Cavab qarşılaşması avqustun 9-da Macarıstanda baş tutacaq.

Bənzər yazılar

Back to top button