Dünya

ABŞ Ukraynaya 5,5 mlrd. dollarlıq yeni yardım paketi təqdim edib

Bazar ertəsi Bayden administrasiyası Ukraynaya 1 milyard dollar ölçüsündə yeni hərbi yardım paketini elan edib. Bu, müharibənin başlanğıcından etibarən ən böyük yardım paketidir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ayrıca bəyanatla bildirib ki, sayı artan yoxsul ukraynalılara və milyonlarla daxili köçkünə kömək etmək üçün Dünya Bankı vasitəsilə Ukrayna hökumətinə əlavə olaraq 4,5 mlrd. dollar təqdim edəcək, xəbəri TURAN-ın Vaşinqtondakı müxbiri verib.

Təqdim ediləcək silah və avadanlıq paketi sayca 18-cidir, paketə uzun mənzilli silahlar üçün döyüş sursatları və zirehli tibbi nəqliyyat vasitələri daxildir.

Sonuncu tranşa Milli Qabaqcıl Zenit-Raket Sistemi (NASAMS) üçün döyüş sursatları, habelə yüksək mobil artilleriya raket sistemi (HİMARS) üçün əlavə döyüş sursatları, 1000 ədəd Javelin raketi və s. daxildir.

“Bu, ABŞ-ın ən böyük birdəfəlik silah və texnika tədarüküdür”, deyə Pentaqonun bəyanatında bildirilir.

Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal bazar ertəsi jurnalistlərə bildirib ki, “bütün bu imkanlar ukraynalıların şərqdə Rusiyanın hücumunu dəf etməsi, həmçinin cənubda və digər yerlərdə hadisələrin inkişafının öhdəsindən gəlməsi üçün lazımdır”.

Təhlükəsizlik sahəsində sonuncu yardım paketinə eyni zamanda 50 zirehli tibbi maşın, Claymore piyada əleyhinə döyüş sursatları, C-4 partlayıcı maddələri, partlayıcı döyüş sursatları və partlayıcı avadanlıq, ilk yardım dəsti, bint, monitor və digər avadanlıqlardan ibarət tibbi ləvazimatlar daxildir, deyə Kal bildirib.

Onun sözlərinə görə, ruslar “böyük itkilər verir”. Rus hərbiçiləri fevralın sonlarında Ukraynaya ilk dəfə hücum etdikləri gündən indiyədək 70 min nəfərdən 80 min nəfərə qədər itki verib, deyən Kal Moskvanın altı ay əvvəl Ukraynaya hücum anından etibarən “Vladimir Putinin məqsədlərindən heç birinə nail olmadığını” nəzərə alaraq, Rusiyanın itkilərini “çox böyük” adlandırıb.

O, bu ciddi rəqəmləri ukraynalıların “mübahisəsiz və Rusiyanın mənəvi əhval-ruhiyyəsindən və iradəsindən dəfələrlə yüksək olan” döyüş ruhu və iradəsi ilə izah edib.

Pentaqon həmçinin ilk dəfə olaraq Kİyevə əvvəllər məlum olmayan radiolokasiyaya qarşı mübarizə raketlərinin göndərildiyini etiraf edib. “Biz yaxın gələcəkdə Ukraynanın mövcud HHQ-nin havada qalması və döyüş qabiliyyətinin daha yüksək olması üçün çox şey edəcəyik”.

Bənzər yazılar

Back to top button