Cəmiyyət

Keçmiş deputat gecə ilə qanunsuz bina tikdirir – İDDİA + FOTO

Bakı şəhərində vətəndaşlar yaşadıqları evin yaxınlığında məsafə olmadan inşa edilən tikintidən narazıdırlar.

Bu barədə Oxu.az-a ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onlar bildiriblər ki, ərazidə təhlükəsizlik qaydalarına əməl edilmədən bina inşa edilir:

“Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllə ünvanında yerləşən, 19 mərtəbəli yaşayış kompleksindən üç-beş metr aralıda, qanunları və normativ aktları, eyni zamanda, tikinti, təhlükəsizlik və şəhərsalma qaydalarını kəskin şəkildə pozan, sənədi olmayan doqquzmərtəbəli bina inşa edilir.

Bu tikinti insanların yaşadığı mənzillərin eyvan və pəncərələrindən cəmi üç-beş metr aralıda, üzbəüzdə inşa edilir. Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən, binalar arasındakı məsafə bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır. Bizim yaşadığımız 19 mərtəbəli binanın hündürlüyü 70 metr təşkil edirsə, onun fasadına ən yaxın bina ən azı 42 metr aralıda tikilməlidir”.

Şikayətçilər qeyd ediblər ki, faktla bağlı binanın sakinləri və kompleksin nümayəndələri tərəfindən dəfələrlə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ediblər:

“Həmin təhlükə yaradan obyektin qanun çərçivəsində təcili şəkildə aradan qaldırılmasına dair müraciətimizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi cavab verib.

Cavabda bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi yuxarıda adı çəkilən qeyri-qanuni tikinti barəsində məlumatlıdır və “Dövlət Şəhərsalma Nəzarətinin Həyata Keçirilməsi Qaydaları”nın tələblərinə uyğun zəruri tədbirlərin görülməsi Nəsimi Rayon İcra Hakimiyyətinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tapşırılıb.

Bütün bunlara baxmayaraq, qanunsuz tikinti hələ də yerində toxunulmaz olaraq qalır, tikinti işləri isə istirahət və bazar günləri gecə saatlarında səs-küylü şəkildə yenə də aparılır”.

Vətəndaşlar iddia ediblər ki, tikinti keçmiş deputat Əsabil Qasımova məxsusdur və müvafiq icazə Nəsimi Rayon İcra Hakimiyyətindən alınıb:

“Niyə qanunsuz tikintini aparan şəxs öz ölkəsinin qanunlarına, təhlükəsizlik qaydalarına, dövlət orqanlarına, ictimaiyyətə belə vicdansız münasibət nümayiş etdirir? Necə olur ki, beş aydır dövlət qurumları qeyri-qanuni tikintinin qarşısını ala bilmirlər?”

Fövqəladə Hallar Nazirliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tikintinin davam etdirilməməsi barədə qərar verilib:

“Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13 K ünvanında fiziki şəxsə məxsus özəl torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində ikimərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən agentliyə məlumat məktubu ünvanlanıb.

Məlumatlandırma çərçivəsində aparılan tikinti işləri təqdim edilmiş memarlıq planlaşdırma cizgilərindən kənara çıxdığına görə agentlik tərəfindən müvafiq göstəriş verilib. Həmin verilən göstərişə fiziki şəxs tərəfindən dörd ay ərzində əməl edilmədiyi üçün Tikinti Məcəlləsinə əsasən, agentlik tərəfindən tikinti işlərinin dayandırılması ilə bağlı qərar verilib”.

Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.

Komitədən Oxu.az-a bildirilib ki, qanunsuz tikinti barədə qurumlara məktub göndərilib:

“Həmin ünvanda mülkiyyətdə olan 600 kvadratmetr torpaq sahəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri pozulmaqla 420 kvadratmetr sahədə yaşayış evinin inşa edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bu günədək heç bir tədbir görülməyib”.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab verilmədi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button