Dünya

Türkiyə və ABŞ Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinin vacibliyini müzakirə ediblər

Cümə axaşmı ABŞ və Türkiyə Cənubi Qafqazda sülhün təşviq edilməsinin vacibliyini vurğulayıblar, bu barədə iki ölkənin yüksək vəzifəli diplomatlarının Vaşinqtonda apardıqları danışıqların yekunlarına dair birgə bəyanatda bildirilir.

Strateji mexanizmə dair üçüncü Amerika-Türkiyə dialoqu Dövlət Departamentində, baş katibin müavini Vendi Şermanın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın sədriliyi ilə baş tutub. Dialoqda həmçinin ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da iştirak edib.

Hər iki tərəf tərəfdaş və NATO müttəfiqləri olaraq sıx əməkdaşlığı təsdiq edib və strateji qlobal və regional məsələlər, habelə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı ətraflı dialoq aparıblar.

Onlar həmçinin regionda baş verən siyasi hadisələri müzakirə ediblər və transatlantik əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti haqqında məsləhətləşmələr aparıblar.

“Tərəflər terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq zərurətini vurğulayıblar, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstəyi təsdiq ediblər, NATO çərçivəsində fəaliyyətin gələcək koordinasiyasını müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Vaşinqton Ukrayna taxılının və kənd təsərrüfatı məhsullarının Qara Dəniz vasitəsilə daşınması haqqında sövdələşmədə Türkiyənin vasitəçiliyini alqışlayıb.

Nümayəndə heyətləri həmçinin Yaxın Şərq və Afrika, Cənubi Qafqaz da daxil olmaqla, dünyanın müxtəlif hissələrində mümkün əməkdaşlığı müzakirə ediblər. (Turan)

Bənzər yazılar

Back to top button