ManşetSiyasət

ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-ın 8 senatoru müəyyən edilməmiş Ermənistan-Azərbaycan sərhədində hər iki tərəfdən 500-ə yaxın hərbiçinin həlak olmasına və yaralanmasına gətirib çıxaran sonuncu 12-14 sentyabr hərbi münaqişəsi ilə əlaqədar bir-birinə faktiki olaraq həmahəng şəkildə siyasi zərbələri endiriblər.

Əliyev əsaslı olaraq Ermənistanı Rusiyanın təşəbbüskarı olduğu üç sülh razılaşmasını pozmaqda ittiham edərək, münaqişənin yekun həllinə dair üç mühüm məsələyə: ərazi bütövlüyü qarşılıqlı tanınmaqla böyük sülh sazişinin imzalanmasına, respublikaların SSRİ dağıldığı anda mövcud olan inzibati sərhədləri əsasında sərhədlərin delimitasiyası və demarkasiyasına, kommunikasiyaların ikitərəfli açılmasına əsaslanan qəti mövqeyini bir daha təsdiq edib.

“Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq… Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir… Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz”, deyə Əliyev sentyabrın 21-də bildirib.

Ermənistan 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra əldə edilmiş razılaşmaları pozaraq, hər üç parametrin yerinə yetirilməsi üçün qeyd-şərt kimi ermənilər məskunlaşan rayonun Azərbaycandan mütləq müstəqilliyi tanınmaqla, DQ-nin statusu məsələsini irəli sürür.

12-14 sentyabr hadisələri ilə əlaqədar keçmiş prezidentliyə namizədlər də daxil olmaqla, ABŞ-ın səkkiz senatoru dövlət katibi Entoni Blinkenə və müdafiə naziri Lloyd C.Ostinə məktub göndəriblər. Onlar Administrasiyanın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olub-olmadığı ilə maraqlanırlar. Onlar həmçinin ABŞ-ın bu yaxınlarda döyüş əməliyyatlarında iştirak edən bölmələrə təhlükəsizlik sahəsində hər hansı yardım göstərib-göstərmədiyini bilmək istəyirlər.

Bir müddət əvvəl konqresin spikeri Nensi Pelosi Yerevana səfər edib. O, açıq şəkildə Azərbaycanı Ermənistana hücum etməkdə ittiham edib, son vaxtlar bu günlərə qədər Moskvaya yönələn daxili müxalifətin təzyiqinə məruz qalan Ermənistan rəhbərliyi ilə həmrəyliyini ifadə edib. Pelosi iddia edir ki, onun səfəri əvvəlcədən planlaşdırılmışdı və təsadüfən hərbi gərginlik dövrü ilə üst-üstə düşüb. Bunu təkzib etmək çətindir. Amma onun erməni elitasına xarici siyasət vektorunu müəyyən etmək zərurəti haqqında açıq müraciəti Vaşinqtonda vəziyyətin diqqətlə izləndiyini və Ermənistanın xarici siyasət kursunu dəyişdirməsinin gözlənildiyini göstərir. “Səfərimizin məqsədi Ermənistanın ABŞ-dan nə gözlədiyini və bizim hansı köməyi edə biləcəyimizi, müdafiə sahəsində əməkdaşlıq üçün nə edə biləcəyimizi başa düşməkdən ibarətdir. Qərarı Ermənistan qəbul edir və o qəbul edərsə, biz kömək etməyə hazırıq”. Yəni o, demək istəyib ki, məhz bunun üçün gəlib, Ermənistanın Moskvadan növbəti dəfə kömək xahişinə imtina cavabı alması Yerevanı geosiyasi istiqamət haqqında daha inamlı qərarların qəbuluna doğru aparmalıdır.

Faktiki olaraq Pelosi təkcə konqresin deyil, bütünlükdə ABŞ siyasi elitasının mövqeyini ifadə edib, o, Tayvana səfəri zamanı da bunu belə nümayiş etdirmişdi, bu zaman Amerikanın bütün hakimiyyət qollarının Çinlə bağlı birliyi açıq şəkildə görünürdü.

Yerevanda Pelosi Ermənistan hakimiyyətinə açıq şəkildə bildirib ki, ABŞ-ın Ermənistanın müdafiəsi ilə bağlı yardımı yalnız ərazi bütövlüyünə əsaslanan beynəlxalq hüquq çərçivəsində mümkündür. Dolayı yolla bu, Azərbaycanın da eyni yardıma ümid edə biləcəyini göstərib. “Ermənistan qarşısında öhdəliklərimizə gəlincə, Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə və Ermənistan sərhədlərinin istənilən dəyişikliyinə qarşı çıxmağa davam edəcəyik”, deyə o bildirib.

Beləliklə, Ermənistan və Azərbaycan arasındakı mübahisənin həllinə yanaşma beynəlxalq ictimaiyyət tərəfindən bu iki Qafqaz dövləti müstəqillik əldə etdiyi anda tanınmış sərhədlərə əsaslanacaq.

Amerika isteblişmentinin çoxillik Ermənistan-Azərbaycan münaqişəsinə baxışı ilə bağlı qeydləri diqqətəlayiqdir. Pelosinin səfərini təsvir edən Nyu York Tayms iki ölkə ilə bağlı Vaşinqtonda formalaşmış əsas klişeləri belə ifadə edir:

Analitiklər hesab edirlər ki, Azərbaycan son döyüş əməliyyatlarında daha bir addım ataraq, hədəflərə hücum edib və ilk dəfə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daxil olub…

Xanım Pelosi deyib ki, “Birləşmiş Ştatların Ermənistana qətiyyətli və daimi dəstəyini” ifadə etmək istəyib, amma həm də münaqişəni danışıqlar yolu ilə nizamlamağa çağırıb…

Toqquşmalar 2020-ci ildə Ermənistanın qədim müdafiəçisi Rusiyanın vasitəçiliyi ilə bağlanmış sülhdən sonra münaqişədə ən böyük gərginlik oldu. Analitiklər deyirlər ki, Azərbaycan, bəlkə də, Rusiyanın Ukraynada bu yaxınlarda düçar olduğu uğursuzluqlardan və ümumiyyətlə Rusiyanın diqqətini bu ölkədəki müharibəyə cəmləşdirməsindən ilham alıb…

Bu yaxınlarda Azərbaycan cənab Paşinyanı Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən bu ölkənin bir hissəsi olaraq tanınmış, amma Ermənistanla sıx əlaqəsi olan və müstəqillik iddiaları olan Dağlıq Qarabağ üzərində suverenliyinin qəbul ediləcəyi sülh sazişini imzalamağa sövq edib…

Ermənistan hökuməti ötən həftə vəziyyəti tənzimləmək xahişi ilə Rusiyaya müraciət etdiyini bildirib…

Xanım Pelosi bildirib ki, bu yaxınlarda baş verən hücum “çox zəruri olan sülh sazişinin perspektivlərini təhdid altına qoyur” və münaqişənin hərbi yolla həlli ola bilməz…

“Onun başçılıq etdiyi Konqresin nümayəndə heyəti “Birləşmiş Ştatların dinc, firəvan və demokratik Ermənistana, habelə sabit və təhlükəsiz Qafqaz regionuna möhkəm sədaqətinin güclü rəmzi” idi”, deyə o, səfərdən əvvəl Twitter-də yazıb…

UPI-də məğzi buna bənzəyən bir məqalə:

İki keçmiş sovet ölkəsi Azərbaycanın bir parçası olan, amma 1994-cü ildə separatçı müharibə bitdikdən sonra uzun müddət Ermənistan tərəfindən dəstəklənən etnik erməni qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağla bağlı onillərlə davam edən münaqişəyə cəlb edilib…

2020-ci ildə altı həftəlik müharibə zamanı Azərbaycan Dağlı Qarabağın və Ermənistan qoşunlarının əlində olan ona bitişik ərazilərin böyük hissəsini özünə qaytarıb. Bu döyüşlərdə 6700-dən çox insan həlak olub…

“Birləşmiş Ştatlar… çoxdan və aydın şəkildə bildirib ki, münaqişənin hərbi həlli ola bilməz. Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərin razılaşdırılmış, hərtərəfli və möhkəm həllini dəstəkləməyə davam edirik”…

“Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N.Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib”, deyə AP Azərbaycan XİN-dən sitat gətirir…

Nəticə

Bütün bunlardan belə nəticə çıxır ki, ABŞ münaqişə tərəflərinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, ABŞ-ın təhlükəsizlik çətiri altında sülhün bərqərar edilməsini ehtiva edən siyasət yürüdəcək. Necə olacağını tərəflər, ilk növbədə sülh razılaşmalarını ləngidən Ermənistan seçməlidir. Prinsipcə, 44 günlük müharibənin başlanğıcından bu günə qədər Moskvanın mövqeyi, o cümlədən 12-14 sentyabr münaqişəsinə müdaxilə etməməsi Ermənistanı 9 noyabr 2020-ci il tarixli bəyanatda ifadə edilmiş və ABŞ və Fransa tərəfindən açıq şəkildə dəstəklənmiş kapitulyasiya şərtlərinin yerinə yetirilməsi haqqında qərar qəbul etməyə sövq etməlidir.

Mehman Əliyev, Turan IA-nın rəhbəri

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button