AnalitikaDünyaManşet

Putin Ukrayna böhranını kuliminasiya nöqtəsinə çatdırır

Dünya Ukraynadakı müharibənin qaynar mərhələsinin başa çatmasına yaxındır. Vladimir Putin cümə axşamı Ukraynanın işğal edilmiş dörd şərq vilayətini Rusiyanın bir hissəsi elan etmək üçün onların ərazisində saxta referendumlar keçirir.

Putin öz hərəkətlərinin məntiqini iyunda Peterburq İqtisadi Forumunda əsaslandırmışdı. Həmin vaxt o, Böyük Pyotru bir vaxtlar İsveç tərəfindən işğal edilmiş rus torpaqlarını qaytaran şəxs kimi qələmə verib. Moskva Şərqi Ukraynanı Novorossiya adlandırır və bu torpaqların bolşeviklər tərəfindən Rusiya imperiyasının dağıntıları üzərində formalaşmış Ukrayna Sovet Respublikasına verilməsini tarixi cəhətdən əsassız hesab edir.

Amma söhbət bundan getmir. Putin Ukraynadakı müharibə ilə Qərb-Rusiya münasibətlərini baş qərargah xəritələrində rol oyunlarında deyil, real döyüş meydanında birbaşa hərbi qarşıdurma səviyyəsinə çatdırıb. Təsadüfi deyil ki, son vaxtlar real düşmənin əsaslandırılmasına yönəlmiş ritorika Ukraynadan NATO-ya keçib. “Biz həqiqətən kollektiv Qərbə, NATO-ya qarşı, əksinə də demək olar – NATO-ya, kollektiv Qərbə qarşı müharibə aparırıq”, deyə RF müdafiə naziri Şoyqu bildirib. Rusiya siyasətçiləri də onun dediklərini təkrar edir. Əslində vəziyyət həqiqətən belədir və NATO-nun Ukraynaya dəstəyinin maliyyə, silah, təlim, kəşfiyyat kimi komponentlərini ehtiva edir.

Moskva artıq növbəti qarşıdurma səviyyəsini elan edib, bir sıra vilayətlər RF-nin tərkibinə daxil edildikdən sonra, nüvə silahından istifadə də daxil olmaqla, yaranacaq bütün nəticələri ilə onları Rusiyanın təhlükəsizlik doktrinasının şamil edildiyi əraziləri hesab edəcəyi barədə xəbərdarlıq edib. “Bu, qaraqorxu deyil”, deyə Putin bu bəyanatını Ukraynada müharibə boyunca Kremlin nüvə silahından istifadə mümkünlüyü haqqında təhdidlərinə şübhə ilə yanaşanlara ünvanlayıb.

Nüvə silahından istifadə mövzusu Putinin “xüsusi hərbi əməliyyatının” ilk günlərindən ortaya atılıb. Hücum Ukraynada onun Rusiyaya ekzistensial Qərb təhlükəsinin nizəsi kimi gördüyü Qərbyönlü rejimi dəyişdirmək məqsədi daşıyırdı. Nüvə mövzusu vaxtaşırı sönür və yenidən alovlanırdı. Amma Putinin Ukrayna ərazilərinin Rusiyaya qoşulmasını nəzərdə tutan və nüvə silahından istifadə haqıqında qəti iddia ehtiva edən sonuncu “at gedişi” ABŞ-da diqqətə alınıb. Pentaqon Rusiya Strateji Nüvə Qüvvələrinin bütün hərəkətlərinin gün ərzində yüksək səviyyədə aerokəşfiyyatını həyata keçirməyə başlayıb.

Putin, çox güman ki, sonuna qədər getmək, yoxsa əlində bomba olan prezidentlə güzəşt yolu axtarmaq məsələsində birliyi olmayan Qərblə nüvə gərginliyinə gedəcək. Xruşovdan fərqli olaraq, Putin BMT Baş Assambleyasında ayaqqabı döyməyib, oraya Peterburqun küçə jarqonunu yayımlaya bilən XİN baçısı Lavrovu göndərib.

Qərbin Ukrayna böhranında hansı oyunu oynamağa – gərginlik, ya geri çəkilmə addımına üstünlük verəcəyindən asılı olmayaraq, Putin qarşıdurmanı nüvə kulminasiya səviyyəsinə çatdırmağa, dünyanı üçüncü nüvə müharibəsinin astanasına gətirməyə çalışacaq. Onun üçün bu, Ağ Evlə birbaşa dialoqa nail olmağın yeganə yoludur, bunun nəticəsi olaraq Ukraynanın blokdankənar statusu, ABŞ-ın gələcəkdə Ukraynada orta və yaxın mənzilli raketlər yerləşdirməkdən imtinası, Rusiyaya qarşı bütün sanksiyaların ləğvi və Minsk formatı çərçivəsində danışıqlara başlanılması elan edilməlidir.

ABŞ Putinə güzəştə gedə bilərmi, çox güman ki, bəli. Ukrayna artıq 24 fevral 2022-ci il tarixinə olduğu kimi olmayacaq. Onun Qərb vektoru qəti şəkildə müəyyən edilib və o, altı aylıq müharibənin nəticələrinə görə geosiyasi cəhətdən mental olaraq Avropa sivilizasiyasının bir hissəsinə çevrilib. Bu, SSRİ dağıldığı andan etibarən ABŞ-ın əsas strateji məqsədi idi. Rusiyada hazırki rejim də bu məqsədə nail olmaq üçün əlindən gələn hər şeyi edib.

Əvvəlki məqalələrdə biz artıq müharibənin belə nəticələnəcəyi, onun məqsəd və nəticələri haqqında təxminlər irəli sürmüşdük. Xatırlatmaq yerinə düşərdi ki, dünyanın nüvə fəlakətinin astanasına gətirən Karib böhranı dünya intizamının dialoq siyasəti istiqamətində dəyişdirilməsinə yol açıb.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button