İqtisadiyyat

“Əsas odur ki, qanunları düzgün icra etsinlər”

Azərbaycanda 50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilmiş və parlamentin plenar iclasına tövsiyə edilmiş Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliikdə bu məsələ əksini tapıb.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil etmiş fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.

“Qrant haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Təklif edilən dəyişikliyə əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası qanununda 3-cü maddənin yeni 2-2-ci hissəsində qrantların reyestrinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanunlara nəzərdə tutulan bu dəyişikliklərin məqsədi nədir?

Hüquqşünas, bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov ASTNA-nın suallarını cavablayıb.

* * *

– Əkrəm bəy, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxs cəzalandırılacaq. Sizcə, bu dəyişikliyin məqsədi nədir?

– Əvvəla, onu qeyd edim ki, sözügedən qanun layihəsini hələ görməmişik. Çünki dərc edilməyib. Xalq adından və xalq üçün fəaliyyət göstərdiklərini iddia edən deputatlar qanun layihələrini ənənəvi olaraq xalqdan gizlədirlər.

Normal parlamentlər isə nəinki layihələri, həmçinin onların əsaslandırmasını da dərhal dərc edirlər. Seçildikləri ehtiva olunan qanunvericiləri şəffaf olmayan ölkədə qanunsuzluğun təməli elə bununla qoyulmuş olur.

Sözügedən qanun layihəsi ilə bağlı saytda yalnız bu məlumat var: “sənədlərdə Azərbaycandan xaricə və xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulub”. Mətbuatdan bildiyimiz qalan məlumat isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən şifahi şəkildə deyilənlərdir. Bu məlumat da mötəbər deyil. Əvvəla, ola bilər ki, verilən məlumat tam düzgün deyil. Bir sözlə, hazırkı mərhələdə sözügedən qanun layihəsi haqda mülahizələrimiz abstrakt fərziyyələrdən başqa bir şey deyil.

Hər bir halda sırf iqtisadi şəraiti nəzərə alaraq, hesab edirəm ki, böyük ehtimalla layihənin məqsədi ilk növbədə ölkədən qanunsuz valyuta axınının qarşısının alınmasıdır. Xaricdən qanunsuz daxil olan valyuta vəsaitlərinin xatırlanması isə sadəcə zahiri obyektivliyi qorumaq üçündür. Yəni dövlət hər iki istiqamətdə qanunsuz valyuta axınının qarşısını almaq istiqamətində sərt mövqe tutacağını bəyan edir.

Əlbəttə, indi də həm İnzibati Xətalar Məcəlləsi (430 və 483-cü maddələr), həm də Cinayət Məcəlləsi (208-ci maddə) valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin məsuliyyət yumşaqdır. İnzibati Xətalar Məcəlləsinə əsasən valyuta tənzimi qaydalarının pozulması və xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə yalnız cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsinə əsasən isə yalnız xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş xarici valyuta vəsaitlərinin 180 gün ərzində Azərbaycandakı bank hesabına köçürülməməsinə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu xəta və cinayət tərkiblərinin özü də çox qüsurlu formada təsbit edilib. Çünki, bir qayda olaraq, şəxsin xaricdən mal aldığı təqdirdə avans köçürdüyü halda malın gəlməməsinə və ya satdığı malın haqqının ödənilməməsinə görə onun təqsiri olmaya da bilər. Olsa da belə, bunu sübut etmək çox çətindir. Deyəcək ki, nə edim, xaricdəki kontragentim öhdəliyini pozur: malı göndərmir və ya pulu ödəmir. Təbii, belə qeyri-müəyyən vəziyyət hüquq-mühafizə orqanlarının da sui-istifadə və korrupsiya imkanlarını genişləndirir.

Onu da nəzərə alaq ki, mövcud qanunvericiliyimiz yalnız bank köçürmələri üzrə pozuntulara qarşı yönəlib. Qeyri-rəsmi pul köçürmələrinə qarşı mübarizəni ehtiva etmir. Məsələn, gizli deyil ki, bütün dünyanı “Həvalə” hesablaşma sistemi kimi qeyri-rəsmi pul köçürmələri mexanizmi bürüyüb. Azərbaycanda kölgə iqtisadiyyatının həcmi hələ də böyük olduğu üçün pul axının əhəmiyyətli hissəsi də belə mexanizmlərin hesabına baş verir. Amma bununla konkret şəxslər məşğul olur, məsuliyyət isə nəzərdə tutulmayıb. İndi isə məsuliyyət olacaq.

Bu baxımdan daha sərt yanaşma məntiqlidir. Dünyada geosiyasi vəziyyət olduqca gərgindir, iqtisadi proqnozlar da ürəkaçan deyil. Liberal yanaşma artıq aktual deyil. Hər bir ölkə ilk növbədə öz maliyyə təhlükəsizliyini təmin etməlidir. Ölkədəki xarici valyuta da milli iqtisadiyyata xidmət etməlidir.

– Bu məsələ sahibkarlara necə təsir edəcək?

– Qanunla işləyən sahibkarlara mənfi təsir etməyəcək. Əliəyrilərin işi ağırlaşaq. Müəyyən mənada sağlam rəqabətə də xidmət edəcək. Həm də ölkədə pulun qalması onların bir hissəsi hesabına sərmayələrin artacağı deməkdir. Düzdür, bunun üçün dövlət paralel normal investisiya mühiti də yaratmalıdır.

-Bu dəyişiklik qanunsuz yolla ölkədən, xüsusən də ofşor zonalara çıxarılan pulların qarşısını ala biləcəkmi?

– Düşünürəm ki, real icra olunsa, bu pozuntuların qarşısı əhəmiyyətli dərəcədə alınacaq. Başqa məsələ ki, gərək tam şəffaflıq olsun. Elə olmasın ki, əksəriyyət pulu çıxara bilməsin, amma kimlərinsə eyni cür əməlinə göz yumulsun.

– Bu dəyişiklik QHT-lərin fəaliyyətinə, ölkəyə gələn qrantlara necə təsir edə biləcək? Onlara da şamil olunacaqmı?

– Təbii, qanunsuz qrantlar olduğu təqdirdə, onlara da şamil olunacaq. Amma qeyd etdiyim kimi, dəyişklik ilk növbədə çıxarılan pula aiddir. Qrantlar qanuni daxil olur. Həm də söhbət hər halda 50000 manatdan yuxarı olan məbləğlərdən gedir.

– Yeri gəlmişkən, “Qrant haqqında” qanuna nəzərdə tutulan yeni dəyişikliyə əsasən, qrantların reyestrinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bu dəyişikliyin məqsədi nədir?

– Bu layihəni də hələlik görməmişik. Hər bir halda söhbət yalnız reyestrin aparılmasından gedirsə, sırf təşkilati məsələdir. Qrant verən və alan üçün reyestrin kim tərəfindən aparılması əhəmiyyətli deyil.

– Sizcə, bu dəyişikliklər mütərəqqi addımlardır, yoxsa qanunları bu dəyişikliklərlə mürtəceləşdirirlər? Ümumiyyətlə, bu qanunlara edilən dəyişikliklərlə bağlı sizin fikirləriniz, təklifləriniz nədən ibarətdir?

– Layihə dərc ediləndən sonra yekun fikrimi deyəcəyəm. Hələlik isə sırf məram baxımdan dəyişiklikləri mütərəqqi hesab edirəm. Kölgə iqtisadiyyatı, qeyri-sağlam rəqabət, korrupsiya və s. qarşı mübarizə çərçivəsində atılan addımdır. Əsas odur ki, layihədə düzgün təsbit olsun və sonra da icra etsinlər.

Bənzər yazılar

Back to top button