Cəmiyyət

Prezident Şuşada

Sentyabrın 28-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində yeni yaşayış kompleksinin, otel və konfrans mərkəzinin tikinti işləri ilə, prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan oteldə aparılan təmir-bərpa işlərinin və 1 saylı tam orta məktəbin binasında tikintinin gedişi ilə tanış olublar. Xəbəri yayan AZƏRTAC bildirir ki, onlara Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.

Dövlət başçısı və birinci vitse-prezident Şuşaya sentyabrın 27-də gediblər.

Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Qarabağda rayon mərkəzi olub.

1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.

2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.

2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.

2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub, mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, iyunun 22-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb, iyulun 16-da Məftun Abbasov qurumun İdarə Heyətinin sədri postuna təyinat alıb.

Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir. Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir. 36 kənd və Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.(novator.az)

Bənzər yazılar

Back to top button