GündəmManşetSiyasət

Paşinyan Rusiyanı ittiham edir və Hindistandan silah alır

Müttəfiq ölkələr Ermənistana silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirmirlər. Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Yüz milyonlarla dollar ödənilib, lakin Ermənistana silah tədarükü ilə bağlı öhdəliklər, o cümlədən müttəfiq ölkələr tərəfindən öhdəliklər yerinə yetirilmir”,- o deyib, lakin bunların hansı ölkələr olduğunu açıqlamayıb. Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın müttəfiqlərilə daha yaxşı münasibətləri var.

“Onlar elə etməyə çalışırlar ki, Ermənistana silah və sursat göndərilməsin. Elə hallar var ki, yüz milyonlarla dollar ödənilib, lakin Ermənistana silah tədarükü ilə bağlı öhdəliklər, o cümlədən müttəfiq ölkələr tərəfindən öhdəliklər yerinə yetirilmir. Bu, əlbəttə ki, acı reallıqdır. Və biz bu vəziyyəti dərindən təhlil etməliyik”, – Paşinyan deyib.

Onun sözlərinə görə, bu, “erməni tərəfinin öz dövlətçiliyindən, öz suverenliyindən əl çəkməsi, ərazi bütövlüyü məsələlərində güzəştə getməsi” məqsədilə edilir.

“Vurğulamaq istəyirəm ki, bütün bunlara baxmayaraq, biz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü müdafiə etmək əzmindəyik”, – o deyib.

Qeyd edək ki, Ermənistanın əsas silah təchizatçısı Rusiyadır. Bu, Paşinyanın Moskvaya qarşı ittihamlar səsləndirdiyi ikinci açıq bəyanatıdır.

Bu fonda Hindistanın “The Economic Times” nəşri bu ay silah və döyüş sursatlarının təchizatına dair sazişlərin imzalandığını bildirib. Mənbənin məlumatına görə, Hindistan Ermənistana “Pinaka” yaylım atəşli raket sistemləri, həmçinin tank əleyhinə raketlər və digər döyüş sursatları göndərəcək. Həmçinin “Swathi” radarlarının tədarükü planlaşdırılır. Bu təchizatın ümumi dəyəri 244 milyon dollar təşkil edəcək.(Turan)

Bənzər yazılar

Back to top button