Hadisə

Füzulidə minaya düşənlər nəzarət-buraxılış məntəqələrindən qanunsuz yolla keçiblər – RƏSMİ

Füzulidə minaya düşənlər nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər.

Bu barədə Daxili İşlər Nazirliyinin bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı yaydığı açıqlamasında qeyd olunub.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlinir.

Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər.

Dərhal Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər oradan götürülərək müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button