İqtisadiyyat

Ərdoğanın qohumuna bağlı şirkətin yüzlərlə işçisi Azərbaycandan çıxarılır – Siyahı

Dövlət Miqrasiya Xidməti “Kalyon Rsy Inşaat Adi Ortakliği Ticari Işletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında (VÖEN – 1405455481) işləyən yüzlərlə işçinin iş icazəsini ləğv edib.

Yeniavaz.com xəbər verir ki, Miqrasiya Xidməti tərəfindən sentyabr ayı ərzində qəbul edilən müvafiq qərarlara əsasən “Kalyon Rsy Inşaat Adi Ortakliği Ticari Işletmesi” şirkətində işləyən 100-dən çox Türkiyə vətəndaşının iş icazələri ləğv olunub. Bildirilir ki, qəbul edilən qərarlar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.

Məlumat üçün bildirək ki, “Kalyon Rsy Inşaat Adi Ortakliği Ticari Işletmesi” şirkətinin ölkəmizdəki fililalı 04.03.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qarabağın işğaldan azad olunan ərazilərində müxtəlif inşaat işlərini həyata keçirir. Belə işlərin içərisində “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu”, “Horadiz-Ağbənd dəmir yolu xətti” kimi iri layihələr yer alır.

Onu da qeyd edək ki, “Kalyon Rsy Inşaat Adi Ortakliği Ticari Işletmesi” şirkəti Türkiyənin aparıcı şirkətlərindən olan “Kalyon Holdinq”ə bağlıdır. “Kalyon Holdinq” Türkiyədə böyük layihələrin icraçısı kimi tanınır. “İstabul Yeni Havalimanı”, TANAP, “Kuzey Marmara Otoyolu” kimi böyük layihələrdə iştirak edən “Kalyon Holdinq” İstanbulun metro inşaatında da yaxından iştirak edir. Bundan başqa Türkiyənin aparıcı media orqanları olan “Sabah”, “Takvim”, “Fotomaç”, “Daily sabah” kimi qəzetlər, ATV, “A haber” kimi televizya kanalları, “Forbes Türkiye” kimi jurnallar da “Kalyon Holdinq”ə bağlıdır.

“Kalyon Holdinq”in sahibləri olan Cemal Kalyoncu və Faruk Kalyoncu eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bacısının həyat yoldaşı Ziya İlgen ilə birlikdə “Ar Enerji” adlı şirkət də təsis ediblər.

İş icazələri ləğv olunan yüzlərlə Türkiyə vətəndaşının siyahısı ilə BURDAN tanış ola bilərsiniz.

Bənzər yazılar

Back to top button