Hadisə

“Minaların aşkarlanması heç də asan məsələ deyil” – Ekspert

Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra ordumuzun həyata keçirdiyi fəaliyyətlər arasında əsas yeri sərhədlərimizin təhlükəsizliyi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatların təmizlənməsi işi tutur. Ermənistan tərəfinin minalanan sahələrin xəritələrini indiyədək Azərbaycana verməməsi də bu proseslərin bir qədər uzanmasına səbəb olur. Hazırda Müdafiə Nazirliyinin müdafiə-istehkam qoşunlarının və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əsas vəzifəsi mümkün olan ən qısa müddətdə azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizləməkdir. Bu prosesdə Azərbaycan həm öz təcrübəsindən, həm də beynəlxalq təcrübədən yararlanır.

AzToday.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev AzərTAc-a açıqlamasında deyib.

Hərbi ekspert xatırladıb ki, Əfqanıstandakı müharibə 1988-ci ildə başa çatıb. Həmin vaxtdan 32 il keçməsinə baxmayaraq, hər il bu ölkədə ərazilərin minalardan təmizlənməsi işlərinə 50-60, bəzi illərdə isə 100 milyona yaxın vəsait ayrılsa da, proses hələ də tam başa çatmayıb. Əfqanıstanda minatəmizləmə işlərinə səkkiz min nəfərlik heyətin cəlb edilməsinə baxmayaraq, 2017-ci ildə orta hesabla hər ay 140, 2018-ci ildə isə 180 nəfərin minadan xəsarət aldığına dair rəsmi məlumatlar var. İndiyədək 1 milyondan çox Əfqanıstan vətəndaşı mina və partlamamış hərbi sursat hadisəsi nəticəsində xəsarət alıb. Bu günədək Əfqanıstanda 19 milyon partlamamış hərbi sursat və mina zərərsizləşdirilib. Lakin proses hələ də davam edir. Bu rəqəmləri yada salmaqla heç də proseslərin Azərbaycanda da bu qədər uzun müddət davam edə biləcəyinə dair fikirlər yaratmaq istəməzdim. Lakin Ermənistan tərəfinin Azərbaycana xəritələri təqdim etməməsi, ərazinin sırf dağlıq və yüksək dağlıq, bəzi yerlərdə isə sərt iqlim şəraitinə malik olması bu proseslərin qısa müddətə tamamlanmasını çətinləşdirir. Ümumilikdə isə dövlətimiz minatəmizləmə işlərinin ən qısa müddətdə yekunlaşması və əhalimizin ata–baba yurdlarına qayıtması üçün əlindən gələni edir. Ancaq insanların rəsmi dəvət olmadan minalanmış ərazilərə daxil olması çox təhlükəlidir.

Ədalət Verdiyev bildirib ki, Müdafiə Nazirliyinin Müdafiə-istehkam qoşunlarının tərkibində əlavə mühəndis-istehkam taborları yaradılıb. ANAMA-nın da strukturu genişləndirilməkdədir. Bu sahədə Azərbaycan həm Rusiya, həm Türkiyə, həm də digər tərəfdaş ölkələrlə əməkdaşlıq həyata keçirir. ANAMA həm genişlənən ştat strukturları ilə yanaşı, həm də müasir minatəmizləmə vasitələri ilə təchiz olunur. Azərbaycanın tərəfi həm Türkiyə istehsalı olan avadanlığa üstünlük verir, həm də Avropanın aparıcı şirkətlərinin məhsullarından istifadə edir. Qardaş ölkənin minatəmizləyənləri artıq Qarabağda mina və partlamamış hərbi sursatın təmizlənməsi ilə məşğul olur. Rusiya da bu fəaliyyətlərdə iştirak edir.

“Azərbaycan, həmçinin Türkiyədə ərazilərimizdəki minatəmizləmə işlərini görəcək mütəxəssislərin hazırlanması ilə məşğul olur. Fevralın 4-də Türkiyədən Azərbaycana müasir minatəmizləmə robot maşınları göndərilib. Türkiyədən gələn MEMATT adlanan robotlar ilk dəfə olaraq xarici ölkədə – məhz Azərbaycanda tətbiq olunacaq. Bu robotlar Türkiyənin “ASFAT” şirkəti tərəfindən istehsal olunur və kifayət qədər üstün taktiki-texniki xüsusiyyətlərə malikdir. Bu avadanlıq 1,7 metr enində və 1 kilometr uzunluğunda ərazini bir saat müddətində minalardan təmizləmək imkanına malikdir. Bu isə hər saatda 20 texnika ilə əlavə olaraq 300 min kvadratmetrdən çox ərazini təmizləməyə imkan yaradacaq. Beş yüz metr məsafədən idarə olunan robotlar müasir kamera sistemləri ilə təchiz olunub. Texnikanın dörd kilometr saat sürətlə irəliləməsi və torpağın 25 santimetr dərinliyində mina təmizləmə işləri aparması ərazilərimizin kifayət qədər yüksək sürətlə təmizlənməsini təmin edəcək. MEMATT daha çox piyada əleyhinə minaların təmizlənməsi işləri ilə məşğul olacaq. Tank əleyhinə minalar isə Slovakiyadan alınan “Bozena-5” avadanlığı vasitəsilə təmizlənir”, – deyə Ədalət Verdiyev vurğulayıb.

Hərbi ekspert qeyd edib ki, işğaldan azad olunan Kəlbəcərin yüksək dağlıq hissəsində hazırda bir metrə yaxın qalın qar örtüyü var. Həmin ərazilərdə dərin buz və qar qatı altında olan minaların aşkarlanması heç də asan məsələ deyil. Odur ki, vətəndaşlarımız da rəsmi orqanların çağırışlarına reaksiya verməli, həmin əraziləri ziyarət etməkdən çəkinməlidirlər. Hamımız o ərazilərə getmək istəyirik, bunun arzusundayıq. Lakin həyat və təhlükəsizlik məsələləri daha önəmlidir. İndiyədək biz bu problemlərin həllini səbirlə gözlədiyimiz kimi, ərazilərin minalardan təmizlənməsini də səbirlə gözləyib dövlətin rəsmi icazəsi olduqdan sonra həmin ərazilərə gedə bilərik.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button