Cəmiyyət

“Sanki gestapo rejimidir, hər obyektin qarşısına polislər təhkim edilib” – Naxçıvan sakini

Naxçıvan şəhərində iaşə obyektlərinin, mağaza və marketlərin, poçtların və s. qarşısında həmin ərazilərdə saxlamağı qadağan edən yol işarəsi qoyulmamasına baxmayaraq avtomobil saxlamaq qadağan olunub.

Bu barədə sakinlər “Gündəlik Naxçıvan”a məlumat veriblər.

Sakinlər bildirib ki, bu işləri nizama salmaq üçün hər obyektin qarşısına iki əli dəyənəkli polis əməkdaşı cəlb olunub.

Alış-veriş üçün Naxçıvan şəhərinə tez-tez yolu düşən Şərur rayon sakini Murad Hacıyev deyib ki, xüsusi park yeri olmadığından, avtomobilini harada saxlayacağını bilmir:

“Sanki gestapo rejimidir. Hər obyektin qarşısına polislər təhkim edilib. Dükandan alış-veriş üçün avtomobili saxlayan kimi fit səsi gəlir. Dərhal obyektə təhkim olunmuş polislər əlində dəyənək üstünə yüyürür ki, “saxlama, sür get!” Saxlamağı qadağan edən yol işarəsi də yoxdur. Ətrafda avtomobil saxlamaq üçün xüsusi yerlər də ayrılmayıb. Hardasa məhəllə içərisində yer tapıb saxlamalısan. Tapa bilməyəndə bəzən alış-veriş etdiyin əşyaları əlində uzaq məsafəyə, təxminən 1 kilometr daşımalısan”.

Başqa bir şikayətçi Şəfayət Məhərrəmov deyib ki, şəhərdə hansısa yeməkxanaya, çayxanaya girmək istəyərkən də avtomobilə yer tapmaq müşkül olur:

“Əvvəllər belə qayda yox idi. Rəşad İsmayılov nazir (daxili işlər naziri – red.) təyin olunandan bu qayda qoyulub. Etiraz da etmək olmur. Çünki, başağrısına çevrilir. Ya cərimələyəcəklər, ya da polisə müqavimət adı qoyub, tutacaqlar. Deyirlər ki, gərək yol kənarında heç bir maşın görünməyə. Görünməməsi üçün xüsusi yerlər olmalıdır ki, camaat avtomobilini saxlasın. Buna da şərait yaratmayıblar. Binaların həyətində də hər zaman avtomobil saxlamağa yer tapmaq çətin olur”.

Bənzər yazılar

Back to top button