Siyasət

Məhkəmə Nazim Bəydəmirlini həbsdə saxlayıb

Avqustun 15-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Hafiz Kamranovun sədrliyi ilə Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbirİnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib.

Bu barədə “Turan”a vəkil Cavanşir Seyidov bidlirib.

Onun sözlərinə görə, bu gün Nərimanov Rayon Məhkəməsində başqa bir prosesdə hakim Vüsal Qurbanovun sədrliyi ilə Nazim Bəydəmirlinin ailə üzvləri ilə telefon danışığı və görüşünə icazə verilməsi ilə bağlı vəsatət təmin edilib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Facebook profilində bildirib ki, Nazim Bəydəmirliyə qarşı təzyiqlər davam etdirilir.

“Narahatedici hal odur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Nazim Bəydəmirliyə qarşı təhdidlərini daha da artırıb. Ona hədə-qorxu gəlirlər ki, əgər bundan sonra özünü “ekologiya məhbusu” kimi təqdim etsə, həbsini Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrlə əlaqələndirsə, ona qarşı daha ağır ittihamlar (dələduzluq, mənimsəmə və başqa) irəli sürüləcək”, – deyə o ,qeyd edib.

“Müdafiə Xətt” hüquq müdafiə təşkilatı hesab edir ki, Nazim Bəydəmirlinin daha bir neçə “saxta ittiham” üzrə məsuliyyətə cəlb edilməsi gözlənilə bilər.

“Çox təəssüf ki, bu gün hökumət iqtisadçı alimi bu cür təhdidə məruz qoyur. Bu səbəbdən hesab edirəm kİ, bütün siyasi məhbusların, o cümlədən Nazim Bəydəmirlinin hüquqları maksimum dərəcədə qorunmalıdır”, hüquq müdafiəçisi qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hüquq müdafiəçisinin Nazim Bəydəmirliyə qarşı təzyiqlərlə bağlı dedikləri barədə sorğusuna hələ cavab verməyib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər.

Bənzər yazılar

Back to top button