Siyasət

Tehran prokuroru: Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsi “ən ağır cəza” gözləyir

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsin barəsində ittiham aktında ona ən ağır cəzanın verilməsi tələb olunub. İRNA agentliyinin məlumatına görə, bunu Tehranın baş prokuroru Əli Salehi bildirib.

Agentliyin məlumatında xatırladılır ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, nəticədə bir əməkdaş həlak olub, daha üç nəfər yaralanıb.

Salehinin sözlərinə görə, məhkəmə işi hərtərəfli araşdırıb və səfirlik daxilində Azərbaycan vətəndaşını odlu silahla qətlə yetirmək, icazəsiz silah və sursat almaq və saxlamaq, AK-47 avtomatı və tapança da daxil olmaqla, ictimai asayişin pozulması ittihamı irəli sürülüb.

İstintaq başqa ittihamlar, o cümlədən dağıntılara səbəb olmaq və səfirliyin üç əməkdaşına qəsdən xəsarət yetirmək üzrə əlavə araşdırma üçün açıqdır.

Qeyd edək ki, Azərbaycanda səfirliyə hücum terror aktı kimi qiymətləndirilib. Lakin Tehran prokurorunun sözlərindən belə çıxır ki, İranın ədalət mühakiməsi bu cinayəti terror hücumu kimi tövsif etməyib.(Turan)

Bənzər yazılar

Back to top button