Gündəm

Prezident: “Bu baxımdan Şamaxı birinci şəhərdir”

“Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir”.

AzToday.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxış keçirərkən deyib.

“Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir – həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək.

Mən göstəriş vermişdim k, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir”, – deyə, dövlət başçısı bildirib.

Bənzər yazılar

Back to top button