Siyasət

Xankəndidə Praqa qərarını rədd edirlər, Yerevanda isə uğurdan danışırlar

Dünən Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində mühüm xəbər prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Qarabağın adı çəkilmədən iki ölkənin sərhədlərinin qarşılıqlı tanınması barədə bəyanatı olub.

Qeyd edək ki, ötən gün Paşinyan Ermənistan parlamentində çıxış edərkən deyib ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması yolu ilə gedəcək. Paşinyan “belə olduğu halda Dağlıq Qarabağla nə baş verəcək” sualına cavab verib: “Dağlıq Qarabağla Azərbaycan arasında danışığın baş tutması və başlaması üçün müəyyən məkan var. Mən bu iki istiqamətin (birincisi sərhədlərin tanınmasıdır – red.) mühüm əhəmiyyət kəsb etdiyini hesab edirəm”.

Elə orada, Milli Məcisdə o, sələflərini – ikinci prezident Robert Köçəryanı və keçmiş xarici işlər naziri Vardan Oskanyanı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasında ittiham edib. Paşinyanın sözlərinə görə, bu, 1998-ci ildə Qarabağın danışıqlar prosesindən kənarda saxlanması və 1999-cu ilin noyabrında ATƏT-in təhlükəsizlik üzrə İstanbul Xartiyasının ratifikasiyası ilə bağlı qərarlarla baş verib.

Praqadan Yerevana qayıdan Paşinyan öz ölkəsinin vətəndaşlarının diqqətini bütün regional kommunikasiyaların açılması barədə məlum təklifə yönəldib.

“Azərbaycan yenə də müsbət cavab vermədi. Ermənistan suverenliyimizə və qanunvericiliyimizə tam hörmət şəraitində bütün regional kommunikasiyaların açılmasına hazırdır”, – Paşinyan öz Twitter mikrobloqunda yazıb.

Qeyd edək ki, Azərbaycan tərəfi sənədləri və yükləri yoxlamadan Zəngəzur dəmir yolunun və avtomobil nəqliyyat dəhlizinin açılmasında israrlıdır. Sovet dövründə Ermənistanın Mehri şəhərindən keçən bu dəhlizin (“Mehri dəhlizi”) yenidən yaradılmaması üçün rəsmi Yerevan ölkəyə gələn əcnəbilər üçün ümumi əsaslarla Ermənistanın bütün yollarının Azərbaycan yükləri və sərnişinləri üçün açılması təklifini irəli sürüb. Bakı belə təklifi rədd edir.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz Facebook hesabında Paşinyanın Əliyev, Fransa və Avropa İttifaqı liderlərilə Praqa görüşünü ölkənin xarici siyasətinin uğuru kimi qələmə verib.

Onun sözlərinə görə, rəsmi qəbul olunmuş sənədlərə əsasən Azərbaycan sərhəd boyunca yerləşəcək Avropa İttifaqı mülki missiyası ilə əməkdaşlığa razılıq verib. “Azərbaycanın mümkün yeni təcavüzü yerindəcə izləniləcək. Bundan əlavə, Ermənistanın suveren ərazisinin artıq işğal olunmuş hissəsi də qeydə alınacaq”, – səfir vurğulayıb.

O xatırladıb ki, 5 oktyabr 2022-ci ildə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib ki, Avropa İttifaqı təmas zonasına müşahidə missiyası göndərmək istəyib, lakin Azərbaycanın etirazına görə missiya göndərilməyib.

Marukyanın fikrincə, görüşün daha bir mühüm nəticəsi odur ki, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə və Alma-Ata bəyannaməsinə uyğun olaraq Ermənistanın sərhədlərini tanımağa razılaşan Azərbaycan Silahlı Qüvvələri indi işğal edilmiş ərazilərdən çıxmalıdır”, – səfir bildirib.

Qarabağın erməni əhalinin yaşayan hissəsində isə Paşinyanın Praqa səfərini dəyərləndirmək barədə hələ qərar verməyiblər. Amma sammit günü, oktyabrın 6-da Vahid Vətən Partiyasının lideri Samvel Babayan Xankəndi sakinlərilə görüşündə ilk dəfə 1991-ci ildə səsləndirilən tezisləri təkrarlayıb.

“Qarabaq Azərbaycanın tərkibində olmayacaq. Biz beynəlxalq məhkəməyə müraciət etməliyik və öz müstəqillik hüququmuzu müdafiə edə bilməliyik”, – Babayan deyib.

Fransa prezidenti və Avropa İttifaqı Şurası sədrinin təşəbbüsü ilə ilk görüş çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə və Alma-Ata bəyannaməsinə sadiq olduqlarını və bunun vasitəsilə hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını təsdiqləyiblər. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək.(Turan)

Bənzər yazılar

Back to top button