Dünya

ABŞ Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemləri verəcək

Rusiyanın Kiyevə və Ukraynanın digər 9 şəhərinə raket zərbələri endirməsi bazar ertəsi prezident Co Baydeni Amerikanın Ukraynaya dəstəyini artırmağa vadar edib. O, Zelenski ilə telefon danışığı zamanı Ukraynaya “qabaqcıl hava hücumundan müdafiə sistemləri” təklif edib, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Bayden və Zelenskinin telefon danışığında konkret olaraq hansı hava hücumundan müdafiə sisteminin müzakirə edildiyi barədə təfərrüatlar açıqlanmır.

“Bayden Ukraynaya təhlükəsizlik sahəsində, həmçinin iqtisadi və humanitar yardım göstərməyə davam etmək üçün müttəfiqləri və tərəfdaşları ilə davamlı əlaqəni vurğulayıb”, – məlumatda deyilir.

Söhbət G-7 görüşündən bir qədər əvvəl baş tutub, liderlər “Ukraynaya dəstəyi və Ukraynaya son raket zərbələrinə görə Putinin məsuliyyətə cəlb olunmasını” müzakirə edəcəklər. Ağ Evin məlumatına görə, prezident Zelenski də görüşə qatılacaq.

ABŞ Ukraynaya ən böyük hərbi texnika tədarükçüsüdür: fevral ayından onların dəyəri 17,5 milyard dollar həcmində qiymətləndirilir. Müdafiə naziri Lloyd Austin Ukraynaya dəstəklə bağlı 50 müdafiə nazirilə şəxsən görüşmək üçün Brüsselə gedəcək.

Bazar ertəsi dövlət katibi Entoni Blinken hücumları kəskin şəkildə pisləyib. “Heç bir vicdanlı insan və heç bir prinsipial ölkə bu dəhşətlərə biganə qala bilməz. Dünyanın hər hansı digər ölkəsi kimi Ukrayna da öz gələcəyini seçmək və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dinc yaşamaq hüququna malikdir”, – Blinkenin bəyanatında deyilir.

“İndi çəkinməyin vaxtı deyil. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsipləri təhlükə altındadır”.

“Bu müharibədə bir təcavüzkar var: Rusiya. Ukrayna torpaqlarını anneksiya etmək cəhdləri və dinc əhaliyə dəfələrlə hücumları ilə bu müharibəni qızışdıran yalnız bir ölkə var. Bu müharibəni dayandırıb rus qoşunlarını çıxara biləcək bir adam var. O da Vladimir Putindir”.

Bənzər yazılar

Back to top button