İdman

“Yunanıstandakı hesab məni və futbolçularımı aldatmamalıdır” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah Bakıda “Olimpiakos”la keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında oyuna hazır olduqlarını deyib:

“Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar. Yunanıstandakı 3:0 hesabı məni və futbolçularımı aldatmamalıdır. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik”.

Qurbanov komandasının son oyunlarda qolu fasilədən sonra vurması haqda da danışıb: “Xüsusi səbəb deyə bilmərəm. Ümumən, hər bir rəqib bizə ilk hissədə daha ciddi müqavimət göstərir. İkinci yarıda ola bilsin, oyun intizamını qoruya bilmirlər. “Qəbələ” ilə matçda çox çətinlik çəkdik. Futbolda rast gəldiyimiz hallardandır. Bəzən oyunun gözəlliyi son dəqiqə qollarıdır. Əvvəllər elə olurdu ki, ilk hissədə qollar vururduq. İkinci hissədə qol daha çox olanda daha inamlı oluruq. Bu, hazırlığın yüksək səviyyədə olduğunu göstərir. 90 dəqiqə nizam-intizamı qorumağa çalışırıq”.

Q.Qurbanov qeyd edib ki, komandasının qalibiyyətləri onlardan gözlənti və tələbləri çoxaldır: “Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq”.

Bənzər yazılar

Back to top button