GündəmManşetSiyasət

“Müstəqillik günü” ilə bağlı acınacaqlı xatirə – Həsən Həsənov SSRİ xiffəti çəkir…

Yazıçı Aqşin Yenisey Müstəqillik günü ilə bağlı acı xatirəsini paylaşıb.

AzToday.az xəbər verir ki, yazıçı müstəqil Azərbaycanın baş naziri və xarici işlər naziri olmuş Həsən Həsənovun ona hansı səbəbdən mükafat verməməsinin səbəbini yazıb.

Aqşin Yeniseyin xatirəsini təqdim edirik:

Bu ilin avqust ayında Türkiyənin Bursa şəhərində “Türk Dünyası Ədəbiyyat (roman) Ödülləri” tədbirində mən də romanı mükafat alanların sırasında idim. Mükafatlandırma mərasimindən bir gün əvvəl səhər yeməyi vaxtı Azərbaycanın görkəmli siyasi xadimi, alim, müstəqil dövlətimizin Baş naziri və Xarici İşlər naziri işləmiş Həsən Həsənovla qarşılaşdıq. Səhər yeməyini bir masada yeyəsi olduq. Söhbət zamanı Həsən müəllim dedi ki, mükafatları hər ölkənin öz rəsmi nümayəndəsi təqdim edəcək, sənin mükafatını təqdim etmək də məndən xahiş olunub. Sevindim. Soruşdu ki, romanın mövzusu nədir? Romanın sovet müstəmləkəçiliyi dövründən müstəqillik dövrünə keçiddə ilişib qalan, köhnədən qopa, yenidən yapışa bilməyən Azərbaycan insanının iki dəyərlər sistemi arasında üzləşdiyi psixoloji hətərən-pətərənlikdən bəhs etdiyini söyləyəndə Həsən müəllim sözümü kəsdi: – Sən sovet dövrünü müstəmləkəçilik dövrü hesab edirsən? Sovet dövründə bizim müstəqil dövlətə aid bütün inzibati strukturumuz vardı; polisimiz, parlamentimiz və s. Amma nədənsə “səfirimiz, ordumuz vardı” deyə bilmədi. Mübahisədən etika namimə yayındım, çünki verəcəyim “əgər sovet dövründə müstəqil dövlət idiksə, onda imzaladığımız “Müstəqillik aktı”nın hansı məntiqi və hüququ əsası var? Sovet dövründə də müstəqil idiksə, biz niyə bir də boş-boşuna müstəqil olduq və hər il “Müstəqillik günü”nü rəsmi olaraq bayram edirik” kimi suallarla görkəmli və yaşlı dövlət xadimini yormaq, çətinə salmaq istəmədim. Bu kiçik mübahisənin nəticəsi səhəri gün mükafatlandırma mərasimində bəlli oldu.

Mükafatı vermək üçün səhnəyə birinci Azərbaycan təmsilçisini, yəni məni çağırdılar. Səhnədə Türkiyə dövlətini təmsil edən Binəli Yıldırım qarşısında məni görəndə bir anlıq çaşdı. Əl uzatmazdan əvvəl üzünü aparıcıya çevirib nəsə dedi, çox güman, Binəli bəy qoca, eynəkli, beli bükülmüş, səhnəyə üç-dörd adamın köməyi ilə çıxan bir yazıçı yolu gözləyirdi. Qarşısında isə yalnız saçları ağarmış cavan bir oğlan dayanmışdı. Nəhayət, uzun pıçapıçdan sonra əl görüşdük və Binəli bəy astadan dedi ki, sənə mükafatı Bursanın Bələdiyyə başkanı verəcək. Mükafatın simvolunu başqandan alıb səhnədə göstərilən yerimdə dayandım. Məndən sonra digər türk ölkələrindən gələn qoca-qoca yazıçıları köməkləşib səhnəyə qaldırdılar. Onların mükafatlarını isə öz ölkələrinin Türkiyədəki səfirləri təqdim etdilər, üstəgəl, yazarlarının təşəkkür nitqlərini də Anadolu türkcəsinə uyğunlaşdırıb iştirakçılara çatdırdılar və keçib səhnədə öz yazarlarının yanında dayandılar.

Bir də baxdım ki, səhnədə Azərbaycan adına təm-tək qalmışam.

Müstəqillik uğrunda dünən səhər yeməyində apardığım mübarizə məni ortalıqda tək qoymuşdu.

Amma hər işdə bir xeyir var; Bakıya yola düşməzdən öncə boş qalan iki-üç saatlıq vaxtımı yüngülvari alış-verişə xərcləməli oldum. Bursalı satıcı Azərbaycandan gəldiyimi biləndə nə üçün gəldiyimi soruşdu. Ödül aldığımı, dedim, Nə ödülü? Roman ödülü. Hiss etdim ki, bir şey başa düşmədi. Çıxarıb telefonumda aşağıdakı Binəli bəy və Bursanın Bələdiyyə başqanı ilə olan şəklimi göstərdim. Dərhal aldığım bütün ayın-oyunun qiymətində yarıbayarı endirim etdi və məni bir neçə “əvət”lə uğurlayıb yola saldı.

Şərh etməyəcəyəm! “Müstəqillik Günü”müzün əbədi olması diləyi ilə!

Bənzər yazılar

Back to top button