GündəmManşetSiyasət

Azərbaycanın Qarabağda təbii sərvətlərin hasilatını qaydaya salmaq niyyəti separatçıların narazılığına səbəb olub

Qarabağın ermənilər məskunlaşan ərazisində separatçılar Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntıların qeyri-qanuni hasilatı və Ermənistana ixracını dayandırmaq üzrə qanuni hərəkətlərinə qarşı çıxıblar.

“Aydındır ki, Azərbaycan Ermənistanla Qarabağ arasında quru əlaqəsini kəsmək üçün bu addımdan təxribat kimi istifadə edir”, – deyə Qarabağın ermənilərin məskunlaşdığı ərazinin qondarma “təbiəti mühafizə komitəsi”nin bəyanatında deyilir.

Özünü Qarabağın ermənilərin məskunlaşdığı ərazisinin qondarma “parlamenti”nin deputatı Metakse Akopyan Ermənistan hakimiyyətini Qarabağ ermənilərinə xəyanət etməkdə ittiham edərək, Yerevan əleyhinə bəyanatla çıxış edib (NEWS.am)

“Azərbaycanlılar beynəlxalq ictimaiyyətin reaksiyasını və riskləri yoxlamaq istəyiblər. Son məqsədləri Qarabağın tam sahibi olduqlarını və hər an həyati əhəmiyyət kəsb edən yolu bağlaya biləcəklərini göstərməkdir. Onlar qiymətləndirdilər və beynəlxalq ictimaiyyətin və Ermənistan hakimiyyətinin reaksiyasını gözləyəcəklər”, – deyə Akopyan bildirib.

Separatçı rejimin qondarma Xarici İşlər Nazirliyi kömək üçün xarici müttəfiqlərə müraciət edib. Bəyanatda “ermənisizləşdirmə”, “soyqırım” və “etnik təmizləmə”dən bəhs edilir. Almaniyalı siyasətçi, Avropa Parlamentinin deputatı Lars Patrik Berq onlara cavab verib. O, “Armenpress”ə bildirib ki, Avropa Parlamenti Azərbaycan hakimiyyətini “beynəlxalq normaları qəbul etməyə” məcbur etməlidir, bunun üçün Aİ Azərbaycanla qaz müqaviləsindən imtina etməlidir. Berq Azərbaycandan təbii sərvətlərin qanunsuz çıxarılması və ixracının beynəlxalq normalara nə dərəcədə uyğun olduğunu açıqlamayıb.

Azərbaycanlı politoloq İlqar Vəlizadə Qarabağın Şuşa – Daşaltı yolayrıcında dünən baş verənləri sosial şəbəkələrdə şərh edib.

“Azərbaycanın öz ərazisində yoxlama aparılması ilə bağlı haqlı tələblərinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 14-cü maddəsinə əsasən, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur və dövlətin sanksiyası olmadan onların istifadəsi cinayətdir. Beləliklə, rəsmi Bakının Azərbaycanın suveren ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdırmaq üçün mütəxəssislər göndərməsi tamamilə qanunauyğundur”, – Vəlizadə vurğulayıb.

Ehtiyatları ermənilər tərəfindən talan edilən yataq isə, məlum olduğu kimi, “Qızılbulaq” qızıl-mis yatağıdır. O, keçmiş rayon mərkəzi Ağdərədən 35 km aralıda yerləşir. Orada qızılla yanaşı, mis və gümüş də hasil oluna bilər. Bu yataq 1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri tərəfindən kəşf edilib və ilk dəfə Azərbaycan SSR Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən işlənməyə hazırlanıb.

İnzibati cəhətdən yataq Kəlbəcər rayonu ərazisində, Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibində yerləşir. Amma regionun bu hissəsi Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olduğundan Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarının hələ buradakı vəziyyətə RSK-nın köməyi ilə nəzarət etmək imkanı var, – deyə politoloq izah edib.

Dünən Qarabağda Şuşa-Daşaltı yolayrıcında Qarabağla Ermənistanı birləşdirən yeganə yol 3 saatlıq müvəqqəti bağlanıb. Azərbaycanın Ekologiya Nazirliyi ilə RSK arasında Qarabağda mədən işlərinin monitorinqi üçün yol xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə edildikdən sonra yolun bloku açılıb.(Turan)

Bənzər yazılar

Back to top button