Dünya

Ukrayna İranla diplomatik əlaqələri kəsir və silah üçün İsrailə müraciət edir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna ilə İran arasında diplomatik münasibətlərin kəsilməsi təşəbbüsü ilə çıxış edib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna onun brifinqinə istinadən məlumat yayıb.

“İran pilotsuz uçuş aparatlarının Ukraynanın mülki infrastrukturunu kütləvi şəkildə məhv etməsi, xalqımızın başına gətirilən ölüm və iztirablar fonunda və İranın Rusiyaya silah tədarükünü davam etdirə biləcəyi ilə bağlı yayılan xəbərlərlə əlaqədar olaraq, mən İranla diplomatik əlaqələrin kəsilməsi təklifi ilə prezidentə müraciət edirəm”, – Kuleba bildirib.

Kuleba əlavə edib ki, Ukrayna heç vaxt İran əleyhinə mövqe tutmayıb.

“Lakin İran təcavüz cinayətinin iştirakçısına çevrildikdən sonra bu gün biz çox aydın və dürüst mövqe tutacağıq. Əgər İran Rusiyaya silah tədarükünü dayandırarsa, biz münasibətlərin bərpasından danışacağıq”, – nazir əlavə edib.

Onun sözlərinə görə bu gün, oktyabrın 18-də Ukrayna hava hücumundan müdafiə sistemlərinin verilmsi xahişi ilə İsrailə rəsmi müraciət edəcək.

“Bu gün Ukrayna İsrail hökumətinə Ukraynanı dərhal hava hücumundan müdafiə sistemləri ilə təmin etmək və Ukrayna üçün müvafiq texnologiyaların əldə edilməsində yüksək keyfiyyətli əməkdaşlığa başlamaq xahişi ilə rəsmi nota göndərəcək”, – nazir bildirib.

Kuleba qeyd edib ki, o, artıq Avropa İttifaqı ölkələrinə və ABŞ-a hava hücumundan müdafiə sistemləri ilə bağlı müvafiq xahişlə müraciət edib.

“Biz bunun baş verməməsi üçün heç bir obyektiv səbəb görmürük (İsraillə hava hücumundan müdafiə sahəsində əməkdaşlıq – red.), lakin bu, baş vermir. İran İsrail üçün qırmızı xəttdir. İran Ukraynaya qarşı təcavüz cinayətində şərik olduqda, mən hesab edirəm ki, İsraildə Ukraynaya kömək etməkdə hələ də tərəddüd edən hər kəs bu tərəddüdləri dağıtmalıdır. Biz bunun üzərində israilli tərəfdaşlarla işləyəcəyik”, – deyə Kuleba vurğulayıb.

O, həmçinin əlavə edib ki, əgər İsrailin siyasəti İrana qarşı çıxmaqdırsa, indi Ukraynanı açıq şəkildə dəstəkləməyin vaxtıdır.

Xatırladaq ki, rəsmi Tehran Ukraynanın Rusiyanın kritik infrastruktur obyektlərinə hücum etdiyi kamikadze PUAların tədarükü ilə bağlı ittihamlarını rədd edir. Dünən Kiyevə növbəti zərbənin endirilməsi fonunda İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib ki, İran tərəfi münaqişə tərəflərini silahla təmin etmir.

Bir müddət əvvəl İsrailin diasporla iş üzrə naziri Nəhman Şai Ukraynaya ABŞ və NATO-dan aldığı hərbi yardımın eynisini göstərməyə çağırmışdı.

Ukraynanın müdafiə naziri Aleksey Reznikovun sözlərinə görə, İsrail Ukraynaya silah verməklə bağlı hələ də siyasi qərar verməyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button