İqtisadiyyatManşet

“Hökümət ciddi dəyişikliklər haqqında düşünməlidir” – Əks halda isə… (MÜSAHİBƏ)

Beynəlxalq Valyuta Fondu (BVF) ölkələrin iqtisadi artım proqnozlarını əhatə edən “Dünya İqtisadi Baxış” hesabatının oktyabr sayını yayımlayıb. Hesabata görə, fond bu il Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) real artımının 3.7 faiz olacağını proqnozlaşdırır. Ötən il bu artım 5.6 faiz olmuşdu.

Hesabata görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının builki proqnozdan daha az – 2.5 faiz böyüməsi gözlənilir. 2027-ci ildə də ÜDM artımının 2.5 faiz olması gümanlaşdırılır. Azərbaycanın Cənubi Qafqazdakı digər iki qonşusu – Ermənistan və Gürcüstanın nəticələrini gözdən keçirdikdə aydın olur ki, həmin ölkələrin iqtisadiyyatlarının böyümə göstəricisi qarşıdakı illərdə Azərbaycanı qabaqlayacaq. BVF-nin proqnozlarına görə, 2023-cü ildə Gürcüstan iqtisadiyyatı 4 faiz, Ermənistan iqtisadiyyatı 3.5 faiz artacaq. 2027-ci ildə Ermənistanın iqtisadi böyüməsinin 4.5 faiz, Gürcüstanın iqtisadi böyüməsinin 5.2 faiz olacağı gözlənilir. Belə çıxır ki, 2027-ci ildə digər iki Cənubi Qafqaz ölkəsinin iqtisadi artım tempinin Azərbaycan iqtisadiyyatını iki dəfəyə yaxın qabaqlaması ehtimal edilir.

Necə ola bilər ki, regionun, Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi deyilən Azərbaycan Ermənistandan və Gürcüstandan geri qalsın?

Mövzu ilə bağlı iqtisadçı Fərid Mehralızadə ASTNA-nın suallarını cavablayıb.

* * *

– Fərid bəy, bildiyiniz kimi Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadi artım proqnozlarını əhatə edən “Dünya İqtisadi Baxış” hesabatının oktyabr sayını yayımlayıb. Əvvəlcə bu hüsabata münasibətinizi öyrənək. Hesabat nə qədər doğru meyarlar üzrə hazırlanıb və nə dərəcədə dəqiq hesab etmək olar?

-Beynəlxalq Valyuta Fondu dünyanın ən nüfuzlu beynəlxalq iqtisadi təşkilatlarından biridir. Qurum çox uzun müddətdir ki, bu tip proqnozlarla daimi olaraq çıxış edir və BFV-nun ölkələrlə bağlı proqnozları həmin ölkələrlə bağlı gözləntilərin formalaşmasına, eləcə də, investisiya qərarlarının verilməsinə təsir edir. Həm də nəzərə almaq lazımdır ki, qurumun proqnozları müvafiq ölkələrin son dövrlərdə formalaşan real iqtisadi rəqəmləri əsasında hesablanır. Bu baxımdan, hər zaman birəbir eyni olmasa da, əksər hallarda BVF-nun proqnozuna yaxın rəqəmlərin realda qeydə alındığına şahid oluruq.

– Hesabata görə, fond bu il Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) real artımının 3.7 faiz olacağını proqnozlaşdırır. Böyümə proqnozlarına görə Gürcüstan və Ermənistan Azərbaycandan irəlidədir. Əgər 2022-ci ildə BVF Azərbaycan iqtisadiyyatının 3.7 faiz böyüməsini gözləyirsə, Gürcüstanda bu rəqəm 10.4 faiz, Ermənistanda 7 faizdir. Deməli, bu il Gürcüstan və Ermənistan iqtisadiyyatının artım göstəriciləri Azərbaycan iqtisadiyyatı ilə bağlı uyğun göstəriciləri iki-üç dəfə qabaqlaya bilər. Sizcə, niyə?

– Buna bir neçə amil təsir edə bilər. Məsələn, nəzərə almaq lazımdır ki, 2020-ci ildə – pandemiya ilə bağlı ciddi çətinliklərin müşahidə edildiyi dövrdə bir çox digər ölkələr kimi, hər üç Cənubi Qafqaz ölkəsinin də iqtisadiyyatı 2019-cu illdə müqayisədə azalmışdı. Həmin vaxt Azərbaycan iqtisadiyyatında kiçilmə 4.2 faizə bərabər idisə, Gürcüstan iqtisadiyyayında kiçilmə 6.8 faizə, Ermənistanda 7.4 faizə bərabər olmuşdu. Bu baxımdan, pandemiya məhdudiyyətlərinin aradan qaldırılmasından sonra iqtisadiyyatların bərpa tempi bu göstəricilərə təsir edə bilər. Digər tərədən, nəzərə almaq lazımdır ki, həm Gürcüstan, həm də Ermənistan Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyadan çıxan vətəndaşların və şirkətlərin üz tutduğu əsas amillərdən biri idi. Bu baxımdan, bu prosesin də, hər iki ölkədə iqtisadi fəaliyyətə daha çox təsir etdiyini deyə bilərik.

-Hesabatda qeyd olunur ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının builki proqnozdan daha az – 2.5 faiz böyüməsi gözlənilir. 2027-ci ildə də ÜDM artımının 2.5 faiz olması gümanlaşdırılır. Azərbaycanın Cənubi Qafqazdakı digər iki qonşusu – Ermənistan və Gürcüstanın nəticələrini gözdən keçirdikdə aydın olur ki, həmin ölkələrin iqtisadiyyatlarının böyümə göstəricisi qarşıdakı illərdə Azərbaycanı qabaqlayacaq. BVF-nin proqnozlarına görə, 2023-cü ildə Gürcüstan iqtisadiyyatı 4 faiz, Ermənistan iqtisadiyyatı 3.5 faiz artacaq. Azərbaycanla bağlı proqnoz 2.5 faizdir. 2027-ci ildə Ermənistanın iqtisadi böyüməsinin 4.5 faiz, Gürcüstanın iqtisadi böyüməsinin 5.2 faiz olacağı gözlənilir. Eyni il Azərbaycan iqtisadiyyatı ilə bağlı böyümə gözləntisi cəmi 2.5 faizdir. Deməli, 2027-ci ildə digər iki Cənubi Qafqaz ölkəsinin iqtisadi artım tempinin Azərbaycan iqtisadiyyatını iki dəfəyə yaxın qabaqlaması ehtimal edilir. Bu nə dərəcədə doğru proqnozdur? Nəyə əsasən BVF belə qənaətə gəlib? Necə ola bilər ki, regionun, Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi deyilən Azərbaycan Ermənistandan və Gürcüstandan geri qalsın?

– Mən düşünürəm ki, burada diqqət çəkilməli əsas məqam Gürcüstan və Ermənistanla bağlı proqnozun çoxluğu yox, Azərbaycanla bağlı proqnozun aşağı olması ilə bağlıdır. Çünki, qarşıdakı illərdə Gürcüstan və Ermənistanla bağlı açıqlanan rəqəmlər elə də qeyri-adi artım rəqəmləri deyil və bu ölkələrin əvvəlki illərdəki nəticələrinə yaxındır. Azərbaycan iqtisadiyyatı ilə bağlı artım gözlənitilərin qarşıdakı illərdə aşağı enməsinə gəldikdə isə, düşünürəm ki, bu ənənəvi olaraq Azərbaycan iqtisadiyyatının yüksək resurs asılılığı ilə bağlıdır. Hazırda ölkənin ixrac gəlirlərinin 90 faizdən çoxu neft-qaz resursları hesabına formalaşır. Bu baxımdan, hesabatda da qeyd edilir ki, qarşıdakı bir neçə ildə neft qiymətlərinin orta qiymətinin bu illə müqayisədə daha aşağı olması gözlənilir. Digər tərəfdən, biz son illərdə Azərbaycanda neft hasilatının azaldığını müşahidə edirik. Bütün bu amillər qarşıdakı illərdə Azərbaycanın neft satışından daha az gəlir əldə etməsinə səbəb ola bilər ki, bu da, ümumilikdə iqtisadi fəaliyyətin daha zəif templə artmasına gətirib çıxara bilər. Buna görə də, Azərbaycan iqtisadiyyatının zəif şaxələndirilməsi və enerji resurslarından bu qədər yüksək asılılıq hər zaman bizim iqtisadiyyat üçün yüksək risklərin qüvvədə qalmasına gətirib çıxarır.

-Fond 2023-cü ildə ölkədə inflyasiya göstəricisinin 9 faiz olacağını güman edir. Azərbaycan Mərkəzi Bankı ölkədə inflyasiya göstəricisini, adətən, 4 faiz olaraq hədəfləyir. Ermənistanda bu proqnoz 6 faiz, Gürcüstanda 3.8 faizdir. İnflyasiya məsələsində də qonşu ölkələrdən öndəyik. İnflyasiyanın digər ölkələrdən yüksək olmasının səbəbi nədir?

– Hazırda qlobal iqtisadiyyatın ən ciddi problemlərindən biri yüksək inflyasiyadır. Azərbaycanda da inflyasiya ilə bağlı rekord sayıla biləcək göstəricilər qeydə alınır. Rəsmi rəqəmlərə görə, qida məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz bahalaşıb. Hökümət rəsmiləri qiymət artımlarını daha çox xarici amillərlə əlaqələndirir və inflyasiyanın “idxal edildiyini” bildirirlər. Doğrudur hər hansı bir məhsulu ölkənin özünün istehsal etməsi o demək deyil ki, həmin məhsulla bağlı qiymət artımları yaşanmayacaq, çünki məhsulun dəyər zəncirinin formalaşmasında idxal məhsullar daxil olur. Lakin, düşünürəm ki, xüsusilə qida və ərzaq məhsullarının yerli istehsalının artırılması müəyyən qədər inflyasiya göstəricisinə təsir edə bilər. Digər tərəfdən, beynəlxalq qurumların hesabatında qeyd edilir ki, Azərbaycanda gömrük rüsumları region ölkələrinə nəzərən daha yüksəkdir. Rəqabət imkanlarının da məhdud olması sonra Azərbaycanda inflyasiya ilə bağlı vəziyyətin idarəedilməsini daha da çətinləşdirir.

-BVF 2025-ci ilədək neft qiymətlərinin bir qədər də azalaraq 76 dollar olacağını ehtimal edir. Bu qiymət Azərbaycana sərf edirmi?

– Son illərin təcrübəsi göstərir ki, hökümət ilin əvvəlində büdcəni hazırlayarkən neftin orta qiymətini əsasən 40-50 dollar arası qiymətlərlə hesablayır. İl ərzində neft qiymətləri gözləniləndən daha yüksək olarsa, büdcəyə yenidən baxılır. Elə bu il də, biz həmin halı müşahidə etdik. Ilin ortasında büdcədə dəyişiklik edildi və neftin bir barelinin orta qiyməti 85 dollardan qəbul edildi. Bu baxımdan, düşünürəm ki, neft qiymətlərinin 70-80 dollar arasında olması Azərbaycanda hökümətin büdcə öhdəliklərini yerinə yetirməsinə bəs edə bilər. Lakin, nəzərə almaq lazımdır ki, son illərdə iqtisadçıların ən çox çətinlik çəkdiyi şeylərdən biri proqnoz verməklə bağlıdır. Çünki, ardıcıl olaraq dünya iqtisadiyyatına təsir edə biləcək hadisələr baş verir. Bu səbəbdən həmin surpriz hadisələr prosesin gedişini əsaslı dəyişə bilər. Nəzərə almaq lazımdır ki, bu dəyişikliklər tək iqtisadi amillərlə bağlı deyil, həm də, geosiyasi, tibbi və digər amillərlə bağlıdır.

– BVF-nin göstərdiyi Azərbaycanla bağlı rəqəmləri dəyişə bilmək, səhv çıxarmaq üçün hakimiyyət hansı addımları atmalıdır?

– Bu baxımdan, əlbəttə, ilk şərt ölkə iqtisadiyyatının enerji resurslarından bu qədər yüksək həddə olan asılılığını azaltmaq, əlavə dəyər yaradan iqtisadiyyata keçməklə bağlıdır. Bunun üçün isə, ölkədə iqtisadi mühitin yaxşılaşdırılmasına – fürsət bərabərliyinin, qanunun aliliyinin təmin edilməsinə, gömrük və vergi siyasətinin təkmilləşdirilməsinə, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Bunlarla yanaşı, digər vacib amil isə, insan kapitalının inkişaf etdirilməsi, ixtisaslı işçi qüvvəsinin formalaşdırılması ilə bağlıdır. Azərbaycan iqtisadiyyatı ilə bağlı Dünya Bankının yayımladığı araşdırmada da qeyd edilir ki, Azərbaycanda əhalinin artım tempi azalmaqda və əhali yaşlanmaqdadır. Eyni zamanda, ölkə karbohidrogen ehtiyatlarının tükənməsi ilə üzləşir. Aktivlərin şaxələnməsi lazımi səviyyədə deyil və qeyri-neft/qaz sektorunun artıma töhfəsi məhduddur. Bütün bunlara görə, Dünya Bankının uzunmüddətli artım simulyasiyası onu göstərir ki, qeyd olunan maneələrlə üzləşdikdə, onlara qarşı hər hansı siyasət tədbirləri görülməzsə, 2024-2050-ci illərdə Azərbaycanın orta illik iqtisadi artımı 0,5% təşkil edə, növbəti 30 il müddətində adambaşına ÜDM cəmi 11% arta bilər. Bu isə, kifayət qədər aşağı göstəricidir. Bu səbəbdən, Azərbaycan iqtisadiyyatının yaxın gələcəyi ilə bağlı bədbin gözləntiləri aradan qaldırmaq üçün hökümət ciddi dəyişikliklər haqqında düşünməlidir.

Bənzər yazılar

Back to top button