Cəmiyyət

Bəzi rəsmilərin məktəbşünaslıqdan anlayışı yoxdur – Ekspert

“Düşünürəm ki, müvafiq qurum yenə də ən mənasız və qısa yolu seçərək son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir. Bilirsiniz, təhsil dərk edilən həqiqətdir, amma deyəsən bəziləri bunu anlamır. Bu yolla şagirdi təhsilə cəlb etmək olmaz, cəza yolu ilə məktəblərdə nizam-intizam qurmaq olmaz. Cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda məktəb qaydalarını pozan şagirdlərə veriləcək cəzalardan danışarkən deyib. Onun sözlərinə görə, sinifdə nizam-intizam, davranış problemi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir:

“Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür. Nizam-intizam sinifdə səssizliyin hökm sürməsi demək deyil, şagirdlərin diqqətinin dərsə cəlb olunması deməkdir. Dərsi pozan, onun normal gedişinə mane olan şagirdlərin cəzalandırmaqdan çəkinməyi dünya təcrübəsi tələb edir. Mövcud dəyişiklik, yəni şagirdlərin cəzalandırılması onlarda məktəbə, müəllimə qarşı aqressiya yaradacaq, onları məktəbə, müəllimə qarşı birləşməyə sövq edəcək, nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olacaqlar, məktəb və müəllim də daim bu cəbhədə döyüşməli olacaq. Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulacaq və nəhayət məktəb, müəllim haqlı olsa belə, çoxluq qalib gələcək. Şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər, lakin bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir. Səbrlə, təmkinlə, qayğı göstərərək onu ələ almağa, düzgün tərbiyələndirmək lazımdır. Hər bir şagird uğur qazana bilər, müəllimin vəzifəsi ona uğur qazanmağın yolunu göstərməkdir”.

Kamran Əsədov bildirib ki, bütün insanlar kimi uşaqlar da zəhmət tələb edən, xüsusilə öhdəsindən gəlmək çətin olan işi görməyə can atmırlar:

“Şagirdə “sən bunu bacaracaqsan” fikrini təlqin etmək, onu dərsə cəlb etməyin ən yaxşı yoludur. Şagirdin səhvinə görə heç bir zaman onu lağa qoymayın, danlamayın, əksinə, onda tərifləyə biləcəyiniz xüsusiyyətlər axtarın. Əlbəttə, bu o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur. Müəllimlik, 45 dəqiqə müddətdə sadəcə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil. Şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışın, dərsin planını qurarkən onları nəzərə alın. Əgər şagirdlərin daxili aləminə bələd olsanız, onları tez ələ alar, dərsə maraqlandıra bilərsiniz”.

Kamran Əsədov hesab edir ki, sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim – şagird münasibətləri də o cür qurulmalıdır:

“Görünən odur ki, bəzi rəsmilərin məktəbşünaslıqdan anlayışı yoxdur”.

Bənzər yazılar

Back to top button