Dünya

Vaşinqtonda hesab edirlər ki, Rusiya və İran qonşuları üçün təhlükədir

Bütün region Rusiya və İran arasındakı müttəfiqlikdən narahat olmalıdır, bu, “ciddi təhlükədir”, -Vaşinqonda belə hesab edirlər.

Çərşənbə axşamı ABŞ bildirib ki, İranın Rusiyaya pilotsuz təyyarələr və raket satmasını çətinləşdirmək üçün “praktik və aqressiv” addımlar atacaq, – Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Gündəlik brifinqdə çıxış edən Dövlət Departamentinin katibinin müavini Vedant Patel açıq şəkildə işarə edib ki, Vaşinqtonun Moskva və Tehranı məsuliyyətə cəlb etmək üçün mövcud olan sanksiyalar və ixrac nəzarətindən əlavə bəzi alətləri var.

Patelin bəyanatı Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirməsi üçün İranın Rusiyaya “yer-yer” raketləri və əlavə pilotsuz təyyarələr verməyə razı olması barədə KİV-də yayılan xəbərlərə cavab olaraq səslənib.

Turan-ın müxbirinin “İranla Rusiya arasında yerləşən Ermənistan, Azərbaycan və digər dövlətlər raket atışı üçün öz ərazilərindən istifadəyə icazə versələr, bunun nəticələrini başa düşürlərmi?” sualının cavabında Patel deyib ki, Rusiya və İran arasında müttəfiqlik möhkəmlənməkdə davam edir. “İran dünyanın ciddi təhlükə hesab etməli olduğu və bütün regionu narahat edən bir haldır”.

“Başqa ölkələrin bu və ya digər ölkəyə necə münasibət göstərəcəyini müzakirə etməyəcəm, ancaq bir daha təkrar etmək istəyirəm ki, Rusiya və İran arasında müttəfiqliyin dərinləşməsi bütün dünyanı narahat edir. O cümlədən, adını çəkdiyiniz region ölkələri də bunu ciddi təhlükə hesab etməlidirlər. Bir tərəfdə başqa bir ölkəyə barbarcasına, qanunsuz və ədalətsiz hücumda iştirak edən Rusiya, digər tərəfdə isə regionda sabitliyi pozan, zorakılıq hərəkətlərində iştirakı ilə tanınan İran var”, – Patel deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button