Siyasət

AXCP Bakı meriyasının binası qarşısında etiraz aksiyası keçirəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-də saat 16:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbilə etiraz aksiyası keçirmək qərarına gəlib.

Partiya sədri Əli Kərimli bildirib ki, bununla bağlı şəhər rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib.

Onun sözlərinə görə, aksiyasının əsas tələbi sərbəst toplaşmaq azadlığına qadağanın aradan qaldırılmasıdır.

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının 30 sentyabr aksiyasından öncə və aksiya zamanı 177 fəal saxlanılıb. Onların əksəriyyəti aksiya başlamadan evinin qarşısında saxlanılıb. Bu, bir daha ölkədə sərbəst toplaşmaq azadlığının olmamasını sübut edir. Hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır ki, adamlar toplaşıb ölkənin problemlərini hökumət qarşısında qaldırmasınlar”, – Kərimli deyib.

Kərimli vətəndaşları narahat edən problemlər arasında işsizlik, kəskin bahalaşma, veteranların intiharı, uşaqlara verilən müavinətlərin olmaması, əhalinin gəlirlərinin az olmasını göstərib.

Etirazçılar həmçinin siyasi məhbusların azad edilməsini və quru sərhədlərinin açılmasını tələb edəcəklər.

“Rusiyadakı soydaşlarımızın həyatı əvvəlkitək təhlükə altındadır. Onlar öz vətənlərinə quru yolla gəlmək imkanlarına malik olmalıdır”, – Kərimli deyib.

Aksiyada azad seçkilərin keçirilməsi, kardinal demokratik islahatların aparılması tələbləri də irəli sürüləcək.

Bu arada Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının mitinq keçirmək barədə müraciətini məqsədəuyğun hesab etməyərək imtina cavabı verib.

Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli Turan-a bildirib ki, aksiya istənilən halda baş tutacaq, çünki şəhər rəhbərliyinin cavabı qanunsuzdur.

Bənzər yazılar

Back to top button