Cəmiyyət

Övladları müxtəlif vəzifələrdə çalışan məşhurlar… – Siyahı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla Tural Anar oğlu Rzayevi Azərbaycanın Əlcəzairdəki, İlqar Yusif oğlu Muxtarovu isə Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri təyin edib. Tural Rzayev yazıçı Anarın, İlqar Muxtarov isə Xalq aristi Amaliya Pənahovanın oğludur.

Yeniavaz.com xəbər verir ki, bunlardan başqa digər azərbaycanlı məşhur simaların övladları da müxtəlif vəzifələrdə çalışır.

Bəzi tanınmış simaların müxtəlif vəzifələrdə çalışan övladlarını təqdim edirik:

Xalq artisti Eldar Mansurovun oğlu Anar Mansurov bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bundan əvvəl “AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti – “Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq “AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvlüyünü də edib.

Bəstəkarın digər oğlu Ülvi Mansurov Dövlət Vergi Xidmətinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili bölməsinin baş direktorudur. O, bundan əvvəl ləğv edilən “Texnikabank”ın İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, “Azərpoçt”un baş direktoru olub. 13 avqust 2020-ci ildə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsinə təyin edilib.

Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev əvvəl Səbail rayonu prokurorunun köməkçisi, daha sonra Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror, Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi, Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində də çalışıb. R.Babayev 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.

Xalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimova bir müddət Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi vəzifəsində işləyib. 2021-ci ildən isə ona Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. Diplomatik rütbəsi artırılan Aysel İbrahimova birinci katib vəzifəsinə gətirilib.

Yazıçı Elçin Əfəndiyevin qızları Nigar, Günay və Humay Əfəndiyevalar müəyyən dövrlərdə bir çox vəzifədə çalışıblar. Nigar Əfəndiyeva bir müddət Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri vəzifəsini icra edib. Onun bacısı Günay Əfəndiyeva isə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsində çalışıb. Yazıçının digər qızı Humay Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir.

Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov bir müddət Azərbaycanın Argentinadakı səfirliyinin 3-cü katibi vəzifəsində çalışıb. Uşaqlıqdan teleaparıcı kimi tanınan B.Məmmədov hazırda ABŞ-da yaşayır.

Bənzər yazılar

Back to top button