İdman

Mahir Emreli 100 min avro və “Qarabağ”a qayıtması barədə danışdı

“Legiya” ilə söhbət “Dəlinin biri quyuya daş atdı” məsəlinə oxşadı (gülür). Mənə aid bir məsələ deyildi. Heç bir qərarla tanış olmadım və fərqli hiss keçirmədim. Mənim üçün hər şey yolunda idi”.

Bu sözləri “Report”a Zaqreb “Dinamo”sunda çıxış edən milli komandamızın futbolçusu Mahir Emreli deyib.

“Mənim üçün hər şey yolunda idi. Gördüyünüz kimi, heç bir oyunu buraxmadım. “Legiya”nın bir işçisinin şəxsi tviti idi, rəsmi deyildi”, deyə Mahir əlavə edib.

O, qarşı tərəfə 100 min avro təzminat ödənilməsi ilə bağlı danışmaq istəmədiyini bildirib: “Dərinə getmək istəmirəm”.

Qeyd edək ki, Emrelini Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Futbolçu bundan sonra sabiq komandasına olan borcunu ödəyib və cəza ləğv olunub.

Bir müddət öncə Mahirin yenidən “Qarabağ”a qayıda biləcəyi barədə xəbərlər yayılmışdı. Futbolçu bu xəbərlərə münasibət bildirib: “Qarabağ”a qayıtmaqla bağlı xəbərlər də birilərinin uydurması idi. Mətbuatdan eşitdim. Haqqımda yazılan yalan xəbərlərə alışmışam (gülür). Mənim “Dinamo” ilə davam edən müqaviləm var”.

25 yaşlı hücumçu 2015-2021-ci illərdə “Qarabağ”da çıxış edib. Bu müddətdə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə kubokun qalibi olub, 2 dəfə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.

Mahir “Dinamo”da əsas heyətə düşməkdə çətinlik çəkməsi barədə də danışıb: “Hazırkı vəziyyət baş məşqçinin qərarı ilə bağlıdır. Mən də bu yola uğur qazanmaq üçün çıxmışam. Bunu hamıdan çox istəyirəm. Açığı, Azərbaycanda azarkeşlərin mənə görə narahatlıq keçirdiyini düşünmürəm (gülür). Narahat olanlar varsa, onlara təşəkkürümü bildirirəm. Baş məşqçi Ante Çaçiçlə münasibətimiz məşqçi və futbolçu səviyyəsindədir. Baş məşqçilərin qərarları müzakirə olunmur. Ona görə də bu barədə heç bir danışığımız olmayıb. Mən, sadəcə, üzərimə düşəni edirəm”.

Bənzər yazılar

Back to top button