Siyasət

“Hər iki ölkənin siyasi elitasının qəti iradəsi olarsa, sülh sazişinə kimsə mane ola bilməz”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinin İctimai televiziyasına ötən həftə verdiyi son müsahibıəsində səsləndirdiyi fikirlər Azəbaycanda da xeyli maraqla qarşılandı. Qriqoryan həmin müsahibədə bildirdi ki, Azərbaycan və Ermənistan ilin sonunadək sülh sazişi imzalamaq niyyətindədir.

Qriqoryan bildirib ki, Ermənistanın xarici işlər naziri Nyu-Yorkda Antoni Blinkenlə görüşüb. Bunun ardınca ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan onun Hikmət Hacıyevlə görüşünü təşkil edib.

“Biz əsasən Ermənistanla Azərbaycan arasında olan bir sıra məsələlərlə bağlı müzakirələr apardıq” – deyə Qriqoryan bildirib.

Diplomat sülh sazişinin vaxtı ilə də bağlı söhbət aparıldığını vurğulayıb: “Həmçinin sərhədlərin delimitasiyası və ilin sonunadək sülh sazişi imzalamaqla bağlı danışdıq” – Qriqoryan əlavə edib.

Qriqoryanın sözlərinə görə, delimitasiyanın ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə qarşılıqlı əlaqəlidir.

Həqiqətənmi ilin sonunadək sülh sazişi imzalana bilər? Hər iki tərəf buna hazırdırmı?

Qriqoryanın səsləndirdiyi fikirləri beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttahla müzakirə etdik.

* * *

– Elman bəy, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, bu ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına dair razılaşmalar var. Sizcə, bu ilin sonunadək bütün məsələlər həll olunaraq həqiqətən də sülh imzalana bilərmi?

– Ermənistan rəsmilərinin açıqlamalarında son zamanlar sülh ritorikası ardıcıllıq təşkil etməyə başlayıb. Bu, əlbəttə müsbət haldır. Ancaq bu ritorika real siyasi addımlara olduğu kimi yansıyırmı? Bu sual hələlik açıq qalır. Azərbaycan Ermənistan arasında yekun sülh müqaviləsinin imzalana bilməsi üçün tərəflərin bir neçə prinsipial məsələdə razılığa gəlməsi vacibdir. Bunlar: qarşılıqlı olaraq ərazi bütovlüyünün tanınması, sərhəd xəttində delimitasiya işlərinin yenilənməsi və demarkasiya prosesinin aparılması, Ermənistanın öz hərbi birləşmələrini Azərbaycandan, keçmiş Dağlıq Qarabağ ərazisindən çıxarması və Azərbaycanı Naxçıvana birləşdirən dəhliz məsələsinin həlli.

A.Qriqoryanın açıqlamasından görünür ki, hələlik bu məsələlərdən yalnız biri– sərhədin delimitasiyasına dair razılaşma var. İkinci mühüm məsələ Avropa Siyasi Birliyinin Praqa zirvəsi çərçivəsində Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin birgə bəyannaməsində qeyd olunan “ərazi bütövlüyünün tanınması” məsələsidir. Digər iki mühüm məsələ, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması və dəhliz məsələsində hər hansı irəliləyiş yoxdur. Halbuki, Ermənistan qoşunları çıxarılmadan nəinki yekun sülh müqaviləsinin imzalanması, ümumiyyətlə sülh danışıqlarında ciddi irəliləyiş əldə etmək mümkün deyil. Bu baxımdan ilin sonunadək iki ölkə arasında sülh imzalanması ağlabatan deyil.

-Eyni zamanda Qriqoryanın açıqlamasından sonra ziddiyyət ortaya çıxıb. Qriqoryan Azərbaycanın Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarını müzakirə etməsi üçün beynəlxalq mexanizmlərdən söz açıb. Azərbaycan rəsmiləri isə bu açıqlamadan əvvəl də, sonra da bildirirlər ki, Qarabağ erməniləri ilə danışıqlar Azərbaycanın daxili işidir. Sizcə, kim haqlıdır? Necə çözülməlidir bu məsələ?

– Keçmiş Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi məsələsi Brüssel prosesinin də tərkib hissəsidir. Azərbaycan tərəfi də onların təhlükəsizliyinə təminat verməyə hazır olduğunu dəfələrlə qeyd edib. Bu, “status əvəzinə təhlükəsizlik” formuludur ki, burada rəsmi Bakını qıcıqlandıran nəsə yoxdur. O ki qaldı hüquqlar məsələsinə, istər Moskva prosesi olsun, istərsə də Brüssel prosesi olsun, bunların heç biri “hüquqlar” məsələsinə toxunmurlar. Yəni Qriqoryanın iddiasına baxmayaraq danışıqların beynəlxalq çərçivəsində “hüquqlar” məsələsi yoxdur. Bu, Azərbaycanın təşəbbüsündə qalan məsələdir.

O ki qaldı məsələnin necə çözülməli olduğuna, bəli, erməni əhalinin təhlükəsizliyi və Azərbaycan vətəndaşları kimi bütün hüquqları təmin edilməlidir. Burada problemli məsələ Azərbaycanda ümumilikdə hüquqların təmini ilə bağlı köklü problemlərin mövcudluğudur. Azərbaycan post sovet coğrafiyasının ən sərt avtoritar rejimin hakim olduğu ölkədir. Bu şərtlər altında əhalinin hansısa qrupuna müstəsna hüquqların təmin ediləcəyi mümkün olmadığı kimi, bütün vətəndaşların hüquqlarının da keyfiyyətli təmini üçün siyasi iradə yoxdur. Məsələnin kompleks həlli ölkədə real siyasi islahatların keçirilməsi, seçkili demokratiyanın təsis edilməsi və yerli özünü idarəetmə institutunun təkmilləşdirilməsi formasında baş tutmalıdır. Buna isə ümid yoxdur. Azərbaycanda vətəndaşların hüquqlarının pozulması, insan haqları problemlərinin qabarıq olması baxımdan erməni tərəfinin “hüquqlar” iddiası beynəlxalq danışıqların predmetinə çevrilməsi təhlükəsi də var.

– Daha bir ziddiyyət xəritələrlə bağlıdır. Qriqoryan deyib ki, “Ermənistan və Azərbaycan sərhədi 1929-cu ildə delimitasiya edilib və demək lazımdır ki, bununla da Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası başa çatıb. İndi bizə bunu əsas kimi götürmək barədə qarşılıqlı razılığa gəlmək qalır.” Amma Azərbaycan tərəfi 1919-1920-ci il xəritələrini əsas götürür. Hətta bununla bağlı tələbin olduğunu Ermənistanın «Haykakаn Jamanak» qəzeti də yazmışdı. Amma Praqa razılaşmasında isə 1991-ci il hər iki ölkənin BMT-yə üzv olduğu 1991-ci ildə Alma-Ata bəyannaməsi və suverenlik xəritəsi əsas götürülür. Sizcə, bu məsələ necə həllini tapacaq?

– Qriqoryanın xəritələrlə bağlı iddiası reallığı əks etdirir. Xatırlayırsınızsa, bundan əvvəlki müsahibələrin birində sizin suala cavab olaraq elə mən də bildirmişdim ki, Azərbaycanla Ermənistan arasında delimitasiya SSRİ dövründə başa çatıb. Ən son dəqiqləşmə sənədini də İlham Əliyevin atası, AZ SSR birinci Katibi olan Heydər Əliyev 1969-cu ildə imzalayıb. Hər halda İlham Əliyev atasının imzaladığı sənədi etibarsız saymayacaq. Sualınızın Azərbaycan tərəfinin 1919-1920-ci illər xəritələrini əsas götürməsi iddiasına gəldikdə, düzü mən Azərbaycandan rəsmi şəkildə belə mövqe açıqlandığına rast gəlməmişəm. Problemin həllinə gəldikdə isə tərəflər SSRİ dövründə mövcud oilmuş xəritələr, BMT qəbul edilərkən mövcud olmuş ərazilər üzrə, konkret desək, 86.6 kv km Azərbaycan, 29.8 kv km Ermənistan əsas götürülməklə, Keçmiş Qarabağın Azərbaycanın tərkib hissəsi olması da mübahisələndirilməmək şəklində razılığa gəlməlidirlər.

– Sülh sazişinə kimlər və hansı formada mane ola bilər?

– Əgər iki ölkənin siyasi elitasının qəti iradəsi olarsa, sülh sazişinin imzalanmasına kimsə mane ola bilməz. Ancaq məsələ belədir ki, Ermənistan siyasi elitası diasporanın, kilsənin, Kremlin təsirlərindən ciddi şəkildə asılıdır. Digər tərəfdən Azərbaycan hakimiyyəti Putin Rusiyası ilə rəsmi müttəfiqdir. Bu müttəfiqlik rəsmi Moskvanın Bakıya təsir imkanlarının mövcudluğunu ortaya qoyur. Rusiya isə Qafqazda sülhün olmasında maraqlı deyil. Bu baxımdan əsasən Ermənistanın, müəyyən mənada da Azərbaycan hakimiyyətinin sülh imzalanması ilə bağlı qəti iradəyə sahib olmaları sual altındadır. Bu suala Putin Rusiyasının önünüzdəki dövrlərdə nə qədər zəifləyib, nə qədər güclənməsi cavab verəcək. Ruusiyanın zəifləməsi sülhə olan ən böyük maneənin aradan qalxması, güclənməsi isə sülhə olan ümidlərin puç olması deməkdir.

-Sülh sazişinin olması üçün konkret hər iki ölkə hansı addımları atmalıdırlar?

– Sülhə aparan yolda atılacaq ilk addım iki ölkə arasında “ərazi bütövlüyünün qarşılıqlı tanınması haqda” dövlətlərarası müqaviə ola bilər. Növbəti addım Ermənistan qoşunlarının Azərbaycan ərazisini tərk etməsi olmalıdır. Yalnız bundan sonra sərhədlərin dəqiqləşdirilməsi, kommunikasıyaların açılması, qarşılıqlı olaraq dəhliz məsələsinin (Ermənistandan Xankəndinə, Azərbaycandan Naxçıvana) həllini də ehtiva edən yekun sülh müqaviləsinin imzalanması mümkün ola bilər.

Bənzər yazılar

Back to top button