İdman

Rumın, yoxsa onu “Neftçi”yə gətirənlər sorğu-sual ediləcək?

Azərbaycan Premyer Liqasında XI tura oktyabrın 20-də start verilir. Turun oyunları 3 gün ərzində keçiriləcək.

“Qarabağ” üçün orta səviyyəli məşq

“Qarabağ” Fransa səfərinə görə daha tez – oktyabrın 20-də meydan acıxacaq. “Köhlən atlar”ın Suraxanıdakı qonağı “Turan Tovuz” olacaq. Bu qarşılaşmanı “Nant”la oyunu ərəfəsində orta səviyyəli məşq saymaq olar “Qarabağ” üçün. Böyük ehtimalla, Qurban Qurbanov tovuzlularla qarşılaşmanın müəyyən vaxtında “Nant”la oyun üçün hazırladığı taktiki planı sınaqdan keçirəcək.

“Turan Tovuz”un geridə qalan oyunlarda əzmkarlığı nə qədər hörmətə layiq olsa da, “Qarabağ”la oyunda şansları yoxdur. Hətta “köhlən atlar” bu qarşılaşmaya “Nanat”la oyunun hazırlığı kimi yanaşsalar belə.

Bizim proqnozumuz: “Qarabağ”ın qələbəsi – 70%, heç-heçə – 20%, “Turan Tovuz”un qələbəsi – 10%.

Bu büdrəmə fövqəladə vəziyyətin göstəricisi olardı

Turun 2 qarşılaşması oktyabrın 22-də keçiriləcək. Həmin gün meydana öncə “Qəbələ” ilə “Kəpəz” çıxacaq. “Qəbələ” 2 tur ard-arda büdrəyib. “Qarabağ”la oyundakı büdrəməni nə qədər məntiqli hesab etsək də, autsayder “Şamaxı” ilə qarşılaşmada xal itirmək bir o qədər məntiqsiz görünür. Amma ən məntiqsiz durum o vaxt olacaq ki, “Qəbələ” “Kəpəz”lə qarşılaşmada da büdrəsin. Bu büdrəmə fövqəladə vəziyyətin göstəricisi olardı Elmar Baxşıyevin yetirmələri üçün. Görək gənc mütəxəssis ardıcıl 2 uğursuz oyundan sonra komandasını necə kökləyib.

Bizim proqnozumuz: “Qəbələ”nin qələbəsi – 60%, heç-heçə – 30%, “Kəpəz”in qələbəsi – 10%.

Samir Abasov üçün əla fürsət budur

Günün digər qarşılaşmasında isə “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Samir Abasovun komandası ötən tur “Qarabağ”a müqavimət göstərdi. Amma bu müqavimət nəticə üçün yetərli deyil. “Qarabağ”ı büdrətmək üçün daha artığını etmək lazımdır ki, indiki durumda “Sumqayıt” bu potensiala sahib deyil. Amma budəfəki rəqib də “Qarabağ” deyil axı. “Zirə” qeyri-sabit çıxış edir. Rəşad Sadıqovun komandası, hətta qalib gəldikləri qarşılaşmada da parlaq oyun göstərmir. Samir Abasov üçün əla fürsət budur. Həm çempionatda ilk qələbəni qazanmaq olar, həm də “Rəşad Sadıqovun məndən öyrənəcəyi çox şey var” demək.

Bizim proqnozumuz: “Sumqayıt”ın qələbəsi – 30%, heç-heçə – 30%, “Zirə”nin qələbəsi – 40%.

“Şamaxı” hər kəsdən xal almaq potensialında olsaydı…

Turun son 2 qarşılaşması oktyabrın 23-də baş tutacaq. Əvvəlcə Bayılda “Səbail” “Şamaxı”nı qəbul edəcək. Bu qarşılaşma “Səbail” üçün olduqca vacibdir. Mahmud Qurbanovun yetirmələri qalib gələrlərsə, aşkar autsayderlərdən aralanacaqlar. “Səbail”in qarşıda ciddi rəqiblərlə oyunlarının olduğunu nəzərə alsaq, “Şamaxı” üzərində qələbə bir neçə həftə rahat nəfəs almaq üçün vacibdir. Düzdür, “Şamaxı” ötən tur “Qəbələ”ni büdrədib. Ancaq onların Bayıldan da xal alacağını güman etmirik. “Şamaxı” hər kəsdən xal almaq potensialında olsaydı, medallar uğrunda mübarizə aparardı, sonuncu pillədə olmazdı.

Bizim proqnozumuz: “Səbail”in qələbəsi – 60%, heç-heçə, 30%, “Şamaxı”nın qələbəsi – 10%.

“Neftçi”nin 1-ci yerdə gözü yoxdur, amma…

Günün son qarşılaşması, həm də turun mərkəzi oyun hesab olunur. “Neftçi” “Sabah”ı qəbul edəcək. Bu qarşılaşma hər iki komanda üçün olduqca vacibdir. “Sabah” qalib gəlib 2-ci yerdəki mövqeyini möhkəmləndirmək niyyətindədirsə, “ağ-qaralar” da elə bu pillədən uzaqlaşmamağı hədəfləyiblər. Onsuz da “Neftçi”nin 1-ci yerdə gözü yoxdur, amma mövsümün sonunda 2-ci pillədə də olmamaq biabırçılıq sayılacaq. Çünki “Neftçi” rəhbərliyi, komandanı bir dəfə çempion edən, bir dəfə də gümüş medal qazandıran Samir Abasovun nəticələrindən narazı idilər və onu qovdular. Onun yerinə gətirdikləri isə “Neftçi”yə gümüş medal da qazandıra bilməyəcəksə, buna “biabırçılıq”dan başqa nə ad vermək olar? Laurentsi Regekampf bu dəfə də Murad Musayevə boyun əyərsə, onda rumını yox, onu bura gətirənləri sorğu-sual etmək lazım gələcək.

Bizim proqnoz: “Neftçi”nin qələbəsi – 30%, heç-heçə -40%, “Sabah”ın qələbəsi – 30%.

aut.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button