Siyasət

“Elxan Nuriyevin həbsi Putinin sifarişi əsasında reallaşdırılıb”

1992-93-cü illərdə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Qubadlı Rayon İcra hakimiyyətinin başçısı postunu tutmuş Elxan Nuriyev oktyabrın 2-də Polşada saxlanılıb. Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyevin Azərbaycan Cinayət Məcəlləsinin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilir. Elxan Nuriyev Azərbaycanı tərk edəndən sonra Ukrayna vətəndaşı olaraq dəfələrlə xaricdə olub, Türkiyəyə və Polşaya sərbəst səfərlər etsə də, ölkələr arasında sərhəd buraxılış məntəqələrində heç vaxt problemlə qarşılaşmayıb. Onun Polşaya son səfərinin məqsədi Ukraynada Rusiyanın cinayətlərini pisləyən beynəlxalq tribunalın yaradılması və hazırlanması ilə bağlı Avropa ölkələrilə aparılacaq məsləhətləşmələrdə iştirak olub.

Elxan Nuriyevin həbsi onu tanıyanlarda birmənalı reaksiya doğurmayıb. Nuriyevin müdafiəsinə qalxanlar arasında Ukrayna deputatları və ombudsmanı ilə yanaşı Azərbaycandakı bir çox siyasi partiyalar, ictimai şəxslər də var.

Bəs Əslində Elxan Nuriyevin həbsinin arxasında hansı siyasi məqsədlər ola bilər?

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Ədalət Yusub ASTNA-nın suallarını cavablayıb.

* * *

– Ədalət bəy, Baş prokurorluğun ağır ittihamlarla günahlandırdığı Elxan Nuriyev əslində kimdir?

– Elxan Nuriyev 1962-ci ildə Qubadlı rayonunda dünyaya göz açıb.

Orta məktəbi doğma rayonunda bitirib. Sovet ordusunda xidmətini Ukrayna ərazisində keçib. Əsgərlik xidmətindən sonra Ukraynada Xarkov dövlət institutunu bitirib və orada yaşayıb. Azərbaycan-Ermənistan münaqişəsi şiddətlənən zamanlarda, yəni 1991- ci ildə Vətənə qayıdaraq silaha sarılıb, Qubadlı rayonunun düşmənlərdən qorunması üçün əsgər olaraq könüllü özünümüdafiə batalyonunun tərkibində döyüşlərə qatılıb.

Milli Qəhrəman Əliyar Əliyevin və Adil Haşımovun rəhbərlik etdikləri Qubadlı könüllü özünümüdafiə batalyonlarının formalaşmasında müstəsna xidmətləri olub. 1992-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin imzaladığı fərmanla Qubadlı rayon İcra hakimiyyətinin başçısı təyin olunub. İcra başçısı işlədiyi müddətdə Qubadlının düşmənlərdən müdafiəsinin təşkil edilməsində öncül mövqeyə sahib olub.

1993-cü ilin avqust ayının 24-də o, Heydər Əliyevin fərmanı ilə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və bir gündən sonra rayonu tərk edərək Bakı şəhərinə gəlib. Avqustun 30-da Qubadlı rayonu erməni-rus hərbi birləşmələrinin işğalına məruz qalıb. Vəzifədən azad edilən Elxan Nuriyev bir neçə ay sonra Azərbaycanı tərk edərək Ukrayna respublikasına qayıdıb. Həmin zamandan Ukrayna vətəndaşı olan Elxan bəy Ukraynanın ictimai siyasi həyatında fəal iştirak edir və orada yaşayır.

-Niyə icra başçısı vəzifəsindən çıxarılandan 30 il sonra Elxan Nuriyevə ittihamlar irəli sürülür?

– Elxan bəylə uzun illərdir demək olar kı, mütəmadi olaraq əlaqələrim olub. Bu müddət ərzində haqqında cinayət işinin olduğu ilə bağlı hər hansı bir narahatlıq hiss etməmişəm.

Amma indi məlum olur ki, Qubadlı rayonu işğal olunan gün 4 nəfər rəsmi şəxsin qəsdən qətlə yetirilməsi, bir nəfərin həyatına suiqəsd edilməsi işlərinin təşkili və səlahiyyətlərindən sui- istifadə etməsi səbəblərilə respublika Baş prokurorluğu tərəfindən onun haqqında 1994 cü ildən cinayət işinin başlanılması ilə bağlı qərarı olub və o, beynəlxalq axtarışa verilib.

Bu səbəblə də o, oktyabr ayının 2- Polşa respublikasına keçidi zamanı interpol əməkdaşları tərəfindən saxlanılmış və Polşa məhkəməsi tərəfindən haqqında 33 günlük araşdıqma məqsədilə saxlama qərarı çıxarılmışdır.

Hazırda Polşa hüquq mühafizə orqanları tərəfindən Azərbaycan Baş prokurorluğunun Elxan Nuriyev haqqında cinayət işinin başlanılması ilə bağlı qərarının əsaslı olub -olmaması məsələsi araşdırılma mərhələsindədir.

Qeyd edirəm ki, son 7 – 8 il müddətində Elxan Nuriyevin Avropa ölkələrinə və Türkiyəyə çoxsaylı səfərlərinin olduğunun şahidiyəm. Həmin səfərlərdə onun sərhəd keçidlərində heç vaxt hər hansı bir təhlükəli halla rastlaşdığının müşahidə edilmədiyi halda 30 ildən sonra yuxarıda qeyd edilən səbəb üzərindən saxlanılması ciddi şübhələrə yol açır və Elxan bəyin saxlanılmasının sifarişli olduğu qənaətini yaradır.

– Elxan Nuriyevin həbsinin arxasında hansı səbəblər dayanır? Onun həbsi kimin sifarişi ola bilər?

– Ukrayna vətəndaşı olan Elxan Nuriyev sıradan bir şəxs deyildir. O, Ukrayna “Zabitlər birliyi”nin üzvü olmaqla yanaşı, həm də bu qurumun Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir.

Poroşenko hakimiyyəti dönəmində Təhsil Nazirinin müşaviri, TN-də tender komissiyasının sədri kimi əhəmiyyətli vəzifələr daşımışdır. Elxan bay indiyə kimi Poroşenkonun rəhbərlik etdiyi partiyanın Ali Rada ilə əlaqələndiricisidir.

O, yalnız fəal ictimai siyasi mövqeyi ilə deyil, eyni zamanda Rusiya ilə müharibədə Ukrayna ordusunun texniki, taktiki, siyasi, ideoloji, mənəvi hazırlığının təmin olunmasında və inkişafında vacib rola malik şəxslərdən biridir.

Rusiyanın Krımı işğalından sonra anti – Putin informasiya cəbhəsi təsis edən Elxan bəy bu cəbhənin əlaqələndiricisi kimi Krım işğalının əsl məqsədlərini və Putinin imperialist işğalçı siyasətinin bəşəriyyət üçün yarada biləcəyi təhlükələri sistemli şəkildə dünya ictimaiyyətinə çatdırmaq kimi əhəmiyyətli fəaliyyətlə məşğul olub. Daim Putinin təcavüzkar niyyətlərini ifşa edən Elxan Nuriyev işğalçılıq siyasətinə bu və ya digər formada dəstək olan avtoritar rejimlərin rəhbərlərinin iştirakını da əsaslandırılmış formada təqdim etməyə çalışıb.

Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Qafqaz, o, cümlədən Qarabağ siyasətinin işğalçılıq mahiyyətinin açılmasında və bununla bağlı cəmiyyətimizdə ümumi ictimai rəyin formalaşmasında Elxan bəyin rolu danılmazdır. Onun sosial media üzərindən ardıcıl olaraq apardığı təbliğat kampaniyası cəmiyyətimizdə Rusiya işğalına nifrəti artırmaqla yanaşı bu siyasətə dəstək olan yerli rejimə qarşı da narazılıqların artmasına təkan verirdi.

Onun sözünün kəsəri, məntiqi və həqiqəti Putin Rusiyasını və yerli hakimiyyəti narahat edə bilməzdi. Polşa sərhəddində onun İnterpol tərəfindən saxlanılması yuxarıda adı keçən rejimlərin birgə əməliyyat tədbiri kimi qiymətləndirilməlidir və birmənalı şəkildə Putinin sifarişi əsasında reallaşdırıldığını deməyə əsas verir.

-O, hakimiyyətə və ya onu həbs etdirənlərə hansı təhlükə yarada bilərdi ki, onun həbsi barədə qərar verilsin?

– Elxan Nuriyev Avropaya sonuncu səfərindən bir neçə gün əvvəl öz sosial hesabından səfərin vaxtı və məqsədləri haqqında açıqlama vermişdi.

Onun rəhbərliyində Avropaya səfərin əsas məqsədi Putin cinayətlərinin mühakimə olunması üçün Avropada 2-ci Nrünberq məhkəməsinin qurulması istiqamətində ictimai hərəkatın başlanılması idi. Bu istiqamətdə atılacaq addımlar təbii ki, Putini narahat edə bilməzdi. Məhz bu səbəblər Elxan bəyin fəaliyyətinin lokallaşdırılmasını zəruri edirdi. Çox təəssüflər olsun ki, bunu təmin etmək üçün “əsas” canından çox sevdiyi Azərbaycandan gəldi.

– Elxan Nuriyevin azadlığa çıxması üçün nələr edilməlidir?

Cavab: Elxan bəyin hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan ictimaiyyətinin, o, cümlədən siyasi partiyaların, ictimai birliklərin və vətəndaş cəmiyyəti nümayəndələrinin üzərinə böyük vəzifə düşür. Elxan bəylə bağlı əsl həqiqətlərin Polşa məhkəməsinə çatdırılmasını təmin etmək üçün mütəxəssislərdən, ictimai siyasi fəallardan ibarət tərkibdə təcili olaraq ictimai təhqiqat qrupunun yaradılmasına ehtiyac vardır.

Bənzər yazılar

Back to top button