Siyasət

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri göstərməklə 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Bu barədə “Report” Beynəlxalq Ədalət Məhkəməsinin məlumatına istinadən xəbər verir.

Beynəlxalq Ədalət Məhkəməsi 12 oktyabr 2022-ci il tarixli məcburi qüvvəyə malik olan qərarında belə nəticəyə gəlib ki, 2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş döyüşlər və erməni hərbçilərin saxlanılması Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır.

Həmçinin qeyd edilir ki, ölkələr arasında yaranmış gərgin vəziyyət 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirlərin effektiv həyata keçirilməsinin zəruriliyini təsdiq edir: “Bu şəraitdə Məhkəmə həmin tədbirlərin təsdiqini zəruri hesab edir. Hər iki tərəfdən məhkəmə qarşısında mübahisəni ağırlaşdıran, uzada bilən və ya həllini çətinləşdirən hərəkətlərdən çəkinmələri tələb olunur”.

Bənzər yazılar

Back to top button