Siyasət

Erməni milyarder Qarabağ ermənilərinin başına gətirilir

Ruben Vardanyan noyabrda Qarabağdakı seperatçı quruluşun “dövlət naziri” vəzifəsində fəaliyyətə başlayacaq.

Bu barədə o, oktyabrın 20-də sosial media hesabında məlumat verib.

Vardanyan bildirib ki, Ermənistan və “Artsax” ətrafında cərəyan edən siyasi hadisələr, erməni dünyasının taleyinin asılı olduğu Qarabağ probleminin həlli ətrafında vəziyyətin gərginləşməsi onu həddindən artıq narahat edir.

“Mən başa düşürəm ki, artıq uzun-uzadı düşünməyə vaxtım yoxdur və bu vəziyyətdə Qarabağ xalqının yanında “Dağlıq Qarabağ Respublikası”nın gələcəyi üçün məsuliyyəti öz üzərimə götürməkdən başqa yolum yoxdur.

Ay yarım ərzində Qarabağın siyasi və ictimai xadimləri, müxtəlif rayonların və müxtəlif sosial qrupların nümayəndələri ilə görüşlər və ünsiyyət məni əmin etdi ki, insanlar mənim Qarabağın dövlət naziri vəzifəsinə namizədliyimi dəstəkləyir və məni məsuliyyətli rəhbər kimi görmək istəyirlər”, – Vardanyan “Feysbuk”da yazıb.

O bildirib ki, noyabrın əvvəlində rəsmi olaraq Qarabağın “dövlət naziri” vəzifəsinin icrasına başlayacaq.

1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan Yerevanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. “Forbes” jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Araik Harutunyanın dövlət naziri vəzifəsini tutmaq təklifini qəbul edib. Bəzi ekspertlər Vardanyanın məhz Rusiyanın himayəsi altında Qarabağda yüksək vəzifəyə gətirildiyini iddia edirlər.(Toplum.tv)

Bənzər yazılar

Back to top button