Siyasət

Baş Prokurorluq “Yeni Azərbaycan”, “İki Sahil” və “Səs” qəzetləri barədə hansı tədbir görəcək?

Baş Prokurorluq jurnalist Xədicə İsmayılovaya qarşı qaralama kampaniyasının günahkarlarını tapmaq üçün cinayət araşdırmasını bərpa edib.

AzToday.az xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağalı məlumat verib.

Onun sözlərinə görə, Avropa Insan Haqları Məhkəməsinin qərarları nəticəsində istintaq bərpa olunub:

“Araşdırmaçı-jurnalist Xədicə İsmayılova 2010-11-ci illərdə, ölkə başçısının ailə üzvlərinin var-dövləti barədə araşdırmalarının yayımlanmasının ardınca təhdid, təhqirlərlə üzləşmişdi. Bu kontekstdə hakim siyasi partiyanın nəzarətində olan “Yeni Azərbaycan”, “İki Sahil”, “Səs” qəzetləri jurnalist haqda aşağılayıcı məzmunlu məqalələr dərc etmişdilər. İnternet mediasında isə jurnalistin yataq otağından gizli çəkilmiş video görüntülər yayılmışdı. Jurnalist hüquq mühafizə qurumlarına, məhkəmələrə şikayətlər versə də, təqsirkarlar məsuliyyətə cəlb edilməmişdi – prokurorluq “Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə cinayət işi başlamış, ancaq həmin icraat 17 avqust 2015-ci ildə dayandırılmışdı. Jurnalist icraatın yenilənməsi üçün bir neçə dəfə müraciət etsə də araşdırmalar bərpa edilməmişdi…

X.İsmayılovanın şikayətləri üzrə yerli hüquq mühafizə qurumlarının, məhkəmələrin qərarları Avropa Insan Haqları Məhkəməsi qarşısında mübahisələndirilmişdi. Əlaqəli qurumların jurnalistin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, jurnalistin başına gələn olaylarla bağlı təsirli araşdırma aparmaması qənaətinə gələn AİHM, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqularının pozulmasına qərar vermişdi.

Avropa Şurası Nazirlər Komitəsi həmin qərarların icra durumunu sonuncu dəfə bu il iyun ayında müzakirə edib. Komitə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini “Xədicə İsmayılovaya qarşı törədilmiş cinayət əməlləri (təhdid məktubu, gizli çəkiliş və intim videoların yayılması) üzrə istintaqı dərhal yenidən başlatmağa,… bütün şahidləri lazımi qaydada dindirməyə, işlə bağlı bütün ipuclarını izləməyə” çağırmışdı.

Komitənin bu qərarından 4 ay sonra, 10 oktyabr 2022-ci il tarixdə Baş Prokurorluğun müstəntiqinin qərarı ilə 17 avqust 2015-ci il tarixli qərara əsasən dayandırılmış cinayət işinin icraatı bərpa edilib. Bu haqda AŞ NK-ya AİHM yanında AR-nın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məktubla məlumat verib.

X.İsmayılovanın şikayəti üzrə AİHM-in qərarı, AŞ NK-nın həmin qərarın icra durumu haqda qətnaməsi, habelə, AİHM yanında səlahiyyətli nümayəndənin məktubuna keçidlər şərh bölməsində yerləşdirilib”.

Bənzər yazılar

Back to top button