Dünya

Dövlət Departamenti: İranlılar Ukraynaya qarşı pilotsuz təyyarələrdən istifadədə ruslara kömək edirlər

Cümə axşamı ABŞ Dövlət Departamenti iranlı təlimatçıların Ukraynaya qarşı pilotsuz təyyarələrin tətbiqində iştirakını təsdiqləyib. Onlar Krımdakı bazalarda rus hərbçilərə texniki yardım göstərirlər, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

“Biz təsdiq edirik ki, Krımdakı rusiyalı hərbçilər Ukrayna ərazilərinə, o cümlədən Kiyevə zərbələr endirmək üçün İranın pilotsuz təyyarələrindən istifadə ediblər”, – cümə axşamı brifinqdə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Vaşinqtonun qiymətləndirməsinə görə, İran hərbçiləri Krımdadır və pilotsuz təyyarələrin idarə olunmasında rusiyalı hərbçilərə yardım edirlər. Kreml İrandan pilotsuz təyyarələr almağa davam edir, Prays deyib.

“Bütün bunlara baxmayaraq, Rusiya və İran yalan danışmağa və belə bir şeyin olmadığını söyləməyə davam edirlər. Lakin müvafiq sübutlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təqdim olunub”, – Prays deyib.

“Qərb İranla Rusiya arasında hərbi əməkdaşlığa imkan verməmək üçün nə edib?” Turan-ın bu sualının cavabında Prays deyib: “Ötən ilin oktyabrında bir sıra sanksiyalar elan etdik – İranın pilotsuz təyyarələr proqramına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığına və Qüds qüvvələrinə mühüm dəstək verən şirkətlər şəbəkəsinin və ayrıca şəxslərin adlarını çəkdik. ”

Praysın sözlərinə görə, Vaşinqton Ukraynanı təkcə İranın pilotsuz təyyarələrindən qorunmaq üçün dəstəkləməyə davam etməyəcək. “Ukraynalı tərəfdaşlarımızın effektiv şəkildə istifadə etdiyi 1400 ədəd “Stinger” “yer-hava” raketi verdik. Biz digər ölkələri də Ukraynanı öz hava hücumundan müdafiə sistemlərilə təmin etməyə çağırdıq”, – o əlavə edib.

Bənzər yazılar

Back to top button