Siyasət

Aleksey Overçuk: “Azərbaycandan Naxçıvana yolun açılması mühüm rol oynayacaq”

Xəzər beynəlxalq nəqliyyat dəhlizinin üstünlüyü ondan ibarətdir ki, o, İranın dəniz limanlarına çıxışa imkan verir və Pakistan, Hindistan, Cənub-Şərqi Asiya, Fars körfəzi dövlətləri və Afrika bazarları ilə əlaqəni təmin edir. Bu gün məhz Cənubi Qafqazda “Şimal-Cənub” və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsi formalaşır. Bu barədə cümə günü Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Made in Russia 2022” ixrac forumunda çıxışı zamanı deyib.

“Bu baxımdan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan və ya İran ərazisilə nəqliyyat əlaqələrinin açılması mühüm rol oynayacaq.

Bu gün Azərbaycan və İran sərhəddə iki ölkənin avtomobil yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa və rahat hərəkəti təmin edəcək körpülərin tikintisinə başlayıblar.

Suverenliyi heç bir şübhə altına alınmayan Ermənistan ərazisilə Mehridən dəmir yolu və avtomobil yolunun çəkilməsi Ermənistanın mövqeyindən asılıdır. Eyni zamanda, artıq İran ərazisindən Ermənistandan yan keçməklə yol çəkilir, yəni təxminən 2024-cü ilə qədər yol olacaq və o, İran, Türkiyə və daha sonra Avropa bazarlarına çıxışı təmin edəcək”, – o deyib.

Overçuk qeyd edib ki, “Şimal-Cənub” dəhlizi infrastrukturu artıq artan nəqliyyat daşımaları həcminə cavab vermir. Odur ki, Rusiya-Azərbaycan sərhədindəki buraxılış məntəqələri modernləşdirilir. İranda Rəşt və Astara arasında dəmir yolunun 160 kilometrlik hissəsinin tikintisilə bağlı danışıqlar aparılır.

Rusiya, Azərbaycan və İran üçtərəfli nəqliyyat-logistika operatorunun yaradılması ilə bağlı danışıqlar aparırlar. Bu, yük axınlarının idarə olunmasına imkan verəcək, sərhəd nəzarəti prosedurlarını uzlaşdıracaq və Fars körfəzi limanlarından Baltikyanı ölkələrə və geriyə yüklərin maneəsiz keçidini təmin edəcək.(Turan)

Bənzər yazılar

Back to top button