GündəmManşetSiyasət

Azərbaycan ATƏT-in işini əngəlləyə bilər

Azərbaycan Bakı ilə razılaşdırılmadan ATƏT Katibliyinin Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası göndərmək qərarına cavab olaraq ATƏT-in 2023-cü il üçün büdcəsinin müzakirəsində iştirakını dayandırıb. Bu barədə oktyabrın 21-də Azərbaycanın ATƏT-dəki nümayəndəliyi Daimi Şurada təşkilatın 2023-cü il üçün büdcəsinin müzakirəsi zamanı bildirib.

“Sülhün əldə olunması məqsədlərinə nail olmaq, regionda etimadın yaradılmasına töhfə verməkdənsə, Azərbaycanla əməkdaşlıqdan imtina etmək və birtərəfli qaydada “ehtiyacların qiymətləndirilməsi” missiyasını əvvəlcədən müəyyən edilmiş məqsədlər və nəticələrlə göndərmək əks- effekt verəcək”, – Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin bəyanatında deyilir.

“Bu səfər oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədikləri yüksək səviyyəli sonuncu görüşdən sonra elan edilib. Azərbaycan əlavə etimad quruculuğu tədbiri kimi Avropa İttifaqının mülki missiyasının Ermənistan və Azərbaycan sərhədi boyunca Ermənistan ərazisinə keçməsinə etiraz etməyib. Bu hərəkət ATƏT-in regionda “vicdanlı vasitəçi” kimi rolunu daha da məhdudlaşdıracaq, Minsk Qrupunun fəaliyyətilə və digər ATƏT strukturları tərəfindən artıq ciddi şəkildə zədələnmiş bu təşkilata inamı daha da azaldacaq.

Mövcud vəziyyət düzələnə və ATƏT-in sənədlərinə və qərarlarına uyğunluq bərpa olunana qədər Azərbaycan nümayəndəliyi gələn il üçün büdcə layihəsini nəzərdən keçirməyəcək”, – bəyanatda deyilir.

“ATƏT missiyasının Ermənistana göndərilməsilə bağlı birtərəfli qərar təşkilatın konsensus prinsipinə əsaslanan prosedurların pozulması ilə qəbul edilib. Azərbaycan öz növbəsində bildirib ki, təşkilatın büdcəsini təsdiqləməyə bilər və bu, qurumun strukturlarının işinin iflic olmasına gətirib çıxara bilər”, – politoloq Nəsimi Məmmədli Turan-a bildirib.

Bənzər yazılar

Back to top button