Dünya

CHP millət vəkili: ”Əsas problem seçki qutularından çıxacaq nəticələrin saxtalaşdırılmasına imkan verməməkdir”

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili,ATƏT Parlamenter Assambleyasındakı Türkiyə nümayəndə heyətinin üzvü Gürsel Tekinin Turan Agentliyinə müsahibəsi

“Beynəlxalq təşkilatlar bir çox baxımdan sinifdə qaldı”

– Daxili siyasətdən başlayaq,sonra beynəlxalq təşkilatların vəziyyətinə keçərik.6 partiyanın birləşdiyi bir masa var,partiyanızın sədri ABŞ-a gedib-qayıtdı.Siz həmişə xalqın içində olmağı tərcih edən bir siyasətçisiniz? Ümumi vəziyyəti təsvir edə bilərsinizmi?

– Mən masalardan kənar reallıqlara toxunmaq istəyirəm: hal-hazırda Türkiyənin ən mühüm problemi iqtisadiyyatdır: işsizlik və dərin yoxsulluq.Baxın,`yoxsulluq` demirəm`, `dərin yoxsulluq` deyirəm.Bununla bağlı məndə çox məlumat var.Mən Türkiyənin daxilindəki `Miqrasiya xəritəsi`ni hazırlayan siyasətçiyəm.

– Xəbərimiz var.

– Hal-hazırda İstanbulun fərqli bölgələrindən öz kəndinə-qəsəbəsinə getmək üçün 4342 ailə növbəsinin gəlməsini gözləyir.Axırıncı 1.5-2 il ərzində 10 min ailə İstanbulu tərk edib.Buradakı aclığa-yoxsulluğa tab gətirə bilmədiklərinə görə,doğma kənd-qəsəbələrinə geri qayıdırlar.Bundan başqa bir miqrasiya da var: siyasət vasitəsiylə varlananlar da başqa bölgələrə gedirlər.Onlar da doğulub-böyüdükləri kasıb məhəllələrdəki acınacaqlı duruma dözə bilməyərək özlərini varlı məhəllələrdə gizləməyə çalışırlar.

-İqtidardan istifadə edib varlanan siyasətçiləri nəzərdə tutursunuz?

– Təbii ki. Doğulub-böyüdükləri məhəllələrdəki sosial statusları dəyişincə onlar istər-istəməz İstanbulun varlılar məhəlləsinə köçürlər.Onlar kasıb məhəllələrdə qalsalar,varlanmaları o dəqiqə gözə dəyəcək,ona görə bunu gizləmək üçün varlıların bölgələrinə gedirlər.Hal-hazırda yoxsullarla varlıların arasında bir miqrasiya yaşanır. Siyasətçilər buraya baxmalıdır,bundan başqa baxılan yerlərin heç bir mənası yoxdur. Türkiyənin seçiciləri filosof kimidir.Dünyanın heç bir ölkəsində 365 gün siyasət müzakirə edilmir.Hər gün siyasətdən danışılan yeganə ölkə Türkiyədir.ATƏT PA üzvü kimi mən bir çox ölkədə seçkidə müşahidəçi olmuşam. O ölkələrdə seçkinin keçirilib-keçirilmədiyinin fərqinə vara bilmək mümkün deyil, Türkiyədə isə bir yas evinə belə gedəndə müzakirə edilən ilk məsələ siyasətin vəziyyəti olur.Ölkədə çox böyük problemlər var, onların öhdəsindən gəlməyin yeganə yolu vətəndaşlarla dialoqu mümkün qədər gücləndirməkdir. Vətəndaşlarla söhbət etmək kifayət deyil,onları maraqlandıran məsələlər barədə fikirlərini öyrənmək,ümid vermək lazımdır. Dünyanın ən güclü reklamçılarını gətirsəniz,bu cümlələri qura bilməz,bu cümlələr ancaq və ancaq vətəndaşların ağzından çıxa bilər (telefonunu açıb indiyə qədər iqtidar partiyasına səs vermiş seçicilərdən eşitdiyi təxminən 20 videodan parçaları mənə də dinlətdirir.AKP-nin seçiciləri öfkəli reaksiyalar nümayiş etdirirlər).Bunların hamısı AKP-yə səs vermiş vətəndaşlardır,necə kəskin etiraz etdiklərini görürsünüz.Mən bu insanlarla üzbəüz görüşmək üçün 90 min kilometr yol getmişəm.

-Sizdən başqa bu işlərlə bu şəkildə məşğul olan siyasətçi tanımıram.

-Ola bilməzlər. Mən seçicilərin xəritəsini çıxardım. Məhəllə muxtarlarından bütün məlumatları ala bilərəm, ona görə hamısı düzdür. Muxtarlarımız millətimizin vəkilləridir. Loto çəkməklə təyin edilmiş, xalqdan xəbəri olmayan millət vəkillərini demirəm, muxtarlarla işləyirəm. Onlar millətin iradəsiylə seçilib, mənə bütün məlumatları verirlər. Həm də siyasi partiya fərqi qoymadan. Ona görə siyasətçi küçələrdə olmalıdır, vətəndaşlarla üzbəüz danışa bilməlidir, o vaxt uğur əldə etməm mümkündür. Televiziya kanallarının xalq arasında heç bir etibarı yoxdur, qəzetlərin heç bir etibarı yoxdur. Yaponiya qəzetinin müxbiri məndən müsahibə alanda qəzetin gündə 10 milyon satıldığını demişdi. Türkiyədə ümumi satış 500 min ədəddir, 300 min ədəd dövlətin qurumlarına gedir, 200 min ədəd də pensiyaçılar alır. Ölkədəki bu aclığın-yoxsulluğun öhdəsindən gəlməyin yeganə yolu müxalifətin birləşməsi və seçicilərlə birbaşa dialoq yaratmasıdır. Ən mühüm problem isə millətimizin verəcəyi səs təminat altında olmamasındadır…

– Yəni, saxtalaşdırma ola bilər, eləmi?

– Yeni seçki qanunu əslində seçkidə bütün vasitələrdən istifadə edərək qalib gəlmək qanunudur. Sosial medianı nəzarət altına alan ikinci bir qanun isə seçki günü baş verə biləcək qanunsuzluqlar barədə danışmağı qadağan edir. Seçkini qanuni şəkildə keçirə bilmək üçün 600 min insanın köməyinə ehtiyac var, müxalifət bloku bunu bacarmalıdır. TV-lərdə mənasız şəkildə danışırlar, 50 min yox, 1 milyon vəkiliniz olsa da faydası yoxdur. Seçki qutularının başında duran insanlardan imzalanmış protokollar gəlməyibsə, vəkillər nə edəcək? 600 min nəfər seçki qutularından çıxan nəticələri rəsmi şəkildə gətirsin, müxalifət qalib gələcək.

-Bunu partiyanız da bilirmi?

– 6 partiyadan ibarət müxalif blok da bunu bilir və 600 min insanı konsolidasiya etmək üçün fəaliyyətə başladıqlarını bilirəm.

– Yəni, siz deyirsiniz ki, seçicilər bizə dəstək verəcək ancaq seçki qutularından çıxacaq nəticələrin protokollara düz yazılması ən əsas məsələdir.

– Millətimiz bu iqtidarı dəyişdirməyə qərar vermişdir. Millət bu qərarı veribsə, onu dəyişdirmək mümkün deyil. Ona görə bundan sonrakı iş seçki qutularına yiyə durmaqdır.

– Beynəlxalq təşkilatların fəaliyəti illərdən bəri tənqid atəşi altındadır.Rusiyanın Ukraynaya hücumundan sonra çılpaq şəkildə gözlər önünə sərildi. Türkiyənin ən təcrübəli siyasətçilərindən biri kimi bu barədə nə siz nə düşünürsünüz? Bu söhbətimizi ATƏT-in iclasının qısa fasiləsində edirik.

– Təəssüf ki, beynəlxalq təşkilatlar əksər məsələlərdə sinifdə qaldılar. Bu barədə sonra daha geniş danışarıq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button