Dünya

Rusiya təcavüzə son qoymaqda maraqlı deyil, amma… – Blinken

ABŞ Rusiyanın Ukraynadakı təcavüzünə son qoymaqda maraqlı olmasının “heç bir dəlilini” görmür, bu barədə cümə günü dövlət katibi Entoni Blinken bildirib, xəbəri Turan-ın müxbiri verib.

“Hər şey prezident Putinin ciddi diplomatiya ilə məşğul olmaqdan uzaq olduğunu göstərir, o, əks istiqamətdə irəliləməyə davam edir”, deyə Blinken Fransanın xarici işlər naziri Katrin Kolonna ilə birgə mətbuat konfransında bildirib.

Blinkenin şərhləri ABŞ və Rusiyanın müdafiə nazirləri Lloyd Ostin və Sergey Şoyqunun telefon söhbətindən bir neçə saat sonra səslənib.

Ostin “Ukraynaya qarşı davam edən müharibə şəraitində rabitə xətlərini qoruyub saxlamağın əhəmiyyətini vurğulayıb”, deyə Pentaqonun məlumatında bildirilir.

Blinken öz növbəsində bildirib ki, Moskva təcavüzünü “ikiyə, üçə qatlayır”. Rusiya qış ərəfəsində mülki əhalini qorxutmaq üçün bu həftə Ukraynanın enerji və su infrastrukturuna raket və PUA hücumlarını gücləndirib.

Blinkenin sözlərinə görə, Putin hesab edir ki, PUA-ların Ukraynada mülki infrastruktura hücumları “Ukrayna xalqının iradəsini sındıracaq”, amma zərbələr əks təsir göstərir: “O, yalnız öz ölkələrini qorumaq qətiyyətini artırır”.

Putin “düşünürdü ki, transatlantik alyansı parçalaya biləcək. Bunun yerinə o, bizi daha da yaxınlaşdırdı”, deyə Blinken əlavə edib. Vaşinqton Rusiyanın enerji resurslarından qətiyyətlə imtina etmək üçün Fransa və digər Avropalı müttəfiqləri ilə sıx əməkdaşlıq edir.

Blinken həmçinin təkrar edib ki, Rusiya PUA-ları İran tərəfindən tədarük olunur, çox sayda beynəlxalq təşkilat bunu etiraf edib, baxmayaraq ki, Moskva və Tehran bunu inkar edirdi.

Bu hücumların “dəqiq məqsədi var: Ukrayna xalqına əziyyət vermək. Moskva bütün Ukraynanın işığını kəsə bilər, amma Ukrayna ruhuna qalib gələ bilməz”, deyə o vurğulayıb.

Bənzər yazılar

Back to top button