İdman

Hanı Qurban Qurbanovun “Qarabağ”da yetişdirdiyi futbolçu?

Yazının başlığına bu sual cümləsini qəsdən çıxartmışım. “Qarabağ”ın avrokuboklardakı uğurlu oyunlarından sonra sosial şəbəkədə nə isə yazanda, mütləq bir nəfər gəlib başlıqdakı bu sualı verir. Guya özünü ağıllı sanır. Amma dünyanın ən axmaq sualını verdiyinin fərqində də deyil. Hesab edin ki, Joze Mourinyodan soruşurlar: “Hanı sənin “Real”da, “Çelsi”də, “Roma”da yetişdirdiyin futbolçular? Və portuqal mütəxəssis də gözünün döyür bu axmaq sualın qarşısında.

Baş məşqçinin bir öhdəliyi var

Deyəsən, təkcə azərbaycanlılar elə bilir ki, komandanın baş məşqçisi həm də uşaq futboluna nəzarət etməlidir. Yox, dünyanın heç bir komandasında belə tendensiya yoxdur. Baş məşqçinin bir öhdəliyi var – əsas komandanın uğurlu çıxışını təmin etmək. Joze Mourinyo müqavilə bağlayanda, rəhbərlik “bizə futbolçu yetişdirməlisən” tələbini qoymur onun qarşısında. Əksinə, Joze onların qarşısına siyahı qoyur. Sərəncamında görmək istədiyi futbolçuların siyahısını. Bu məsələdə Qurban Qurbanova kimsə irad tuta bilməz.
Heç onu da iddia edə bilmərik ki, Qurban Qurbanov “Qarabağ”da söz sahibi olduğu üçün uşaq futboluna da müdaxilə etməlidir. Qurbanov əsas komandada söz sahibidir, üstəlik, onun “Qarabağ”da hər şeyə nəzarət etmək üçün vaxtının bu qədər çox olduğunu düşünürsünüz? Ümumiyyətlə, “Qarabağ”da hər şeyə Qurban Qurbanov nəzarət edəcəksə, digərlərinin vəzifəsi nədir? Qurban Qurbanovun kölgəsində gizlənmək? Komandadakı digər problemlərə görə də Qurban Qurbanov tənqid olunmalı, bunlar da xımır-xımır yeyib yatmalıdırlar?

Gözəl ailəsinin uzunmüddətli plan qurmaması

Hə, mövzumuz uşaq futboludur. Uşaq futbolu ilə bağlı ilk yazıdan sonra mövzunu “Neftçi” ilə davam etdirməli idim. Komandaların tarixini nəzərə alaraq. Amma “Qarabağ”ın, xüsusən də Qurban Qurbanovun bu yöndən tənqid olunduğunu nəzərə alıb “köhlən atlar”dan başlamağa qərar verdim. Öncə onu deyim ki, “Qarabağ”da uşaq futbolu bərbad durumdadır. Amma buna görə komanda rəhbərliyini tənqid etməkdə nə qədər haqlıyıqsa, Qurban Qurbanovu tənqid etməkdə bir o qədər haqsızıq. Səbəbini də izah etdim yuxarıda.

“Azərsun” rəhbərliyinin “Qarabağ”la bağlı planı lap əvvəldən uzunmüddətli olmayıb. Azərbaycanın qida sənayesində ən böyük monopolistlərdən biri olan “Azərsun” rəhbərliyi “sosial öhdəlik” kimi yanaşırdı “Qarabağ”a himayəçiliyə. Yəni peşəkar yanaşma yox idi. Amma onların bəxti gətirdi ki, Qurban Qurbanov kimi mütəxəssis tapdılar. Onun, məhz onun sayəsində bu gün “Azərsun” “sosial öhdəlik”dən də xilas olub. “Qarabağ” özü-özünü dolandırır. Gözəl ailəsinin “Qarabağ”la bağlı uzunmüddətli planının olmamağı uşaq futboluna yanaşmada da özünü göstərir.

Onlara yüksək məvacib niyə verilir ki?

Uşaq futbolunda infrastrukturun qurulmasına qəpik də xərclənməyib. Yerli uşaq məşqçilərin yetişməsi, təcrübə qazanması üçün heç bir layihə gerçəkləşdirilməyib. “Qarabağ”ın populyarlığı imkan verirdi ki, ölkənin futbol ənənələri olan hər bir rayonunda məktəb açmaq mümkün olsun. Elə təkcə aran Qarabağın rayonlarında bu işi kiçik büdcə ilə reallaşdırmaq olardı. Ancaq bu yöndə heç bir addım atılmadı. “Qarabağ”ın Bakıdakı məktəblərində (məktəb ha!) futbolun sirlərini uşaqlar harada öyrənirlər?

Keyfiyyətsiz süni örtüklü meydançalarda. Onlara futbolun sirlərini kimlər aşılayır? Demək olar ki, hamısı Türkiyədən dəvət edilmiş naşı mütəxəssislər. Onlar haqqında dəfələrlə narazılıqlar yayılıb mətbuatda, sosial şəbəkələrdə. O mütəxəssislər hansı bacarıqlarına görə dəvət olunublar Azərbaycana? Onlara yüksək məvacib niyə verilir ki, bu vaxta qədər bircə gənc futbolçu da verə bilməyiblər Qurban Qurbanovun sərəncamına?

İş görülürsə, nəticəsi də olmalıdır axı

Niyə “Qarabağ”ın Avropada qazandığı vəsait, UEFA-nın uşaq futbolu üçün ayırdığı maliyyə belə naşı mütəxəssislərə xərclənməlidir? Kim dəvət edib onları bura? Qurban Qurbanov? Bəlkə diqqətinizi başqa adlara yönəldəsiniz? Yadınıza düşmürsə, mən çəkə bilərəm: Tahir Gözəl, bütün jurnalsitlərin “dostu” Əmrah Çəlikəl… Nə işin sahibidirlər, nəyə cavabdehdirlər, vəzifələri nədir? “Qarabağ” avrokuboklarda qələbə qazanandan sonra pafoslu açıqlama verməkdir işləri?
Türkiyədən naşı mütəxəssisləri onlardan başqa kim gətirə bilər “Qarabağ”a? Elə mütəxəssislərin gətirilməsi, sadəcə gözdən pərdə asmağa hesablanıb. Yəni “iş görürük” görüntüsü yaradırlar. Amma iş görülürsə, onun nəticəsi də olmalıdır axı.

Hara yoxa çıxır o uşaqlar?

Heç kim deyə bilməz ki, Qurban Qurbanovun sistemində futbolçu inkişaf etmir. Reynaldo, Vaci, Kadi gözümüzün qarşısında adi futbolçudan ulduza çevriliblər axı bu sistemdə. Yaxşı, “Qarabağ”ın uşaq futbolundan 15 il ərzində kimi verdilər Qurban Qurbanova ki, o da inkişaf etdirə bilmədi onu?

Yoxdur beləsi. Amma ən azı Bakıda “Qarabağ”ın formasını əyninə geyib guya bu komandanın məktəbində futbolun sirlərini öyrənən uşaqlar var axı. Hara yoxa çıxır onlar? Hansı məqsədlə onlar üçün pul xərclənir, Türkiyədən ağlasığmaz məvacibə məşqçi gətirilir, əgər sabah o uşaqlar futbol təsərrüfatından yoxa çıxacaqlarsa?

Azərbaycanda uşaq futbolunda problem, demək olar ki, eynidir bütün komandalar üçün – infrastrukturun yoxluğu, kadr çatışmazlığı, yeyinti, qeyri-peşəkar idarəetmə. Və “Qarabağ”da da hakəza.

Öz pulumuzdan qəpik-quruşu övladlarımıza verin

Əsas komandada bütün səlahiyyətləri Qurban Qurbanova verdiyiniz üçün sizə təşəkkür edirəm, amma bağışlayın, gələcəyimizə yatırım etmədiyiniz üçün də qınayıram sizi. Axı gələcəyimizə edəcəyiniz o yatırım da bizim – bu xalqın vəsaitidir. Əhli-Azərbaycan “Azərsun”un keyfiyyətsiz qida məhsullarını baha qiymətə almağa məcbur edilir bu ölkədə.
Öz pulumuzdan qəpik-quruşu övladlarımıza verin, Gözəl ailəsi. Onsuz da sabah o uşaqlar da sizə işləyəcəklər, əgər Azərbaycanda uzun müddət qalacaqsınızsa. Amma görünən odur ki, buna özünüz də əmin deyilsiniz. “Qarabağ”da uzunmüddətli strategiyanızın olmadığına görə gəlmişəm bu qənaətə.

Natiq Muxtarlı, aut.az

Bənzər yazılar

Back to top button