GündəmSiyasət

ABŞ Zaxarovanın şərhinə istehza edərək, Rusiyanı qonşularının suverenliyini pozmaqda ittiham edib

ABŞ Dövlət Departamenti Moskvanın Qərbin Azərbaycan və Ermənistan arasında problemlərin nizamlanması üzrə səyləri ilə bağlı tənqidini kəskin şəkildə təkzib edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz, şübhəsiz ki, səylərimizin özünüreklam kimi tövsif edilməsini təkzib edirik”, deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik brifinqdə Turan-ın xahişi ilə Rusiya XİN nümayəndəsinin son bəyanatını şərh edərkən bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya XİN başçısı Mariya Zaxarova ABŞ-ı və Aİ-ni “özünüreklamda” ittiham edib, Qərbin Bakı, Yerevan və Moskva arasında üçtərəfli əlaqələr sayəsində əldə edilmiş razılaşmaları öz adına yazmağa çalışdığını bildirib.

Vaşinqton və Brüssel “Zaqafqaziya ilə bağlı kompromislərdə maraqlı deyillər və Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar”, deyə Zaxarova bildirib.

Zaxarovanın sözlərini şərh edən Prays deyib ki, “şiddətə və həm ermənilər, həm də azərbaycanlılar arasında ölümlərə gətirib çıxaran çoxillik münaqişələrə son qoymaq cəhdində heç bir özünüreklam yoxdur”.

“Bizim yeganə məqsədimiz hərtərəfli və möhkəm sülhə nail olmaq və həyatları xilas etmək üçün bu ölkələrin birlikdə hərəkət etməsinə kömək etməkdir. Bilmirəm, bunun nəyi özünüreklam kimi şərh edilə bilər”, deyə o əlavə edib.

“Dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi, biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqik. Hər iki lideri onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırırıq”. Vaşinqton hesab edir ki, birbaşa dialoq problemlərin həllinin və möhkəm sülhün əldə olunmasının yeganə açarıdır. “Məhz buna görə dövlət katibi Blinken sentyabrda, son gərginlik dalğasından sonra ilk dəfə öz həmkarlarını – Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Nyu-Yorkda bir araya gətirib”, deyə Prays xatırladıb.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qarşıda duran görüşünün Brüssel-Praqa görüşündə əldə olunmuş nailiyyətləri sarsıdacağı təhlükəsi varmı? Turan-ın müxbirinin bu sualına cavabda Prays deyib ki, “Ermənistan və Azərbaycan prezident Putinin dəvət edilməsinin onların möhkəm sülh əldə etmək cəhdləri üçün faydalı olub-olmayacağına özləri qərar verməlidirlər”.

Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu və Ukrayanaya davam edən amansız hücumu göstərir ki, “Moskva qonşusunun suverenliyinə az hörmət edir və çətin ki, uzunmüddətli etibarlı tərəfdaş ola bilər” .

“Son nəticədə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi üçün ABŞ-dan daha böyük dəstək yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın və Gürcüstanın Sovet İttifaqından müstəqilliyinin bərpası bu ölkələrin hər birinə Moskvadan və ya istənilən digər ölkədə asılı olmadan, öz xarici siyasi maraqlarına xidmət etmək hüququna zəmanət verən əlamətdar hadisə idi”, deyə Prays qeyd edib.

Bənzər yazılar

Back to top button