CəmiyyətManşet

Elmlər Akademiyasının “Donqili” prezidenti – Tarixçi alim İsa Həbibbəylidən yazdı

Dünən İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edilməsi cəmiyətdə xeyli suallar doğurdu. Əgər 3 ay bundan əvvəl radikal islahat adı ilə təqdim olunanlar, Akademiyanın parçalanması İsa Həbibbəylinin prezident olacağı ilə nəticələnəcəkdisə daha bunun nəyi radikal və harası islahat idi. Həmin “islahatla” Akademiya öldürüldü, Həbibbəylinin prezident təyin edilməsi isə özünün dəfn mərasimi, bütövlükdə Akademiya elminin fatihəsinin verilməsidir. İsa Həbibbəyli Akademiyanın yerliçilik mərəzinə tutulmasının mərkəzi fiqurlarından, əsas koordinatorlarından biri idi. İndi isə birincisi oldu. Elmə heç bir töhfə verməyən bir dəstə həmyerlilərin Akademiya üzvü seçilməsində onun “əməyi və rolu” müstəsnadır.

Azərbaycan Milli Elmlər Akademiyası deyəndə ki, artıq Akademiya nə millidir, nə də elmidir. Orta səviyyəli birisi kimi İsa Həbibbəyli də çoxdan elmdən ayrıldığı üçün alimdən çox məmurdur, çinovnikdir. Adam ikicə cümlənin bir-birinin ardınca quraşdırıb normal bir fikri ifadə edə bilmir. Şübhəsiz ki, vaxtıla Həbibbəyli Mirzə Cəlilin yaradıcılığı, mühiti və müasirləri ilə bağlı bir şeylər yazıb. Amma son illərdəki “qələm təcrübəsi” ilə o özü Mirzə Cəlilin müasir personajlarından birinə çevrilib. Axı Mirzə Cəlil həmişə bizim müasirimizdir. Ata Akademiyanın prezidenti, oğul da Naxçıvan Gömrük Komitəsinin sədri. Daha əvvəl də yazdığım kimi son illərdə gömrük orqanları ilə akademiya arasında elə bir fərq yox idi. İndi bu fərq həm mənəvi, həm də milli mənada daha da qısaldı. Bir qalır gömrük komitəsinin adını Milli Gömrük Komitəsi qoysunlar.

Təbrizdə maraqlı bir deyim var: qanı damara görə alarlar. İsa Həbibbəyli bir tərədən Milli Məclisin deputatıdır, o bir tərəfdən Komitə sədri, yan tərəfdən YAP siyasi şurasının üzvü, yön tərəfdən YAP Elm və təhsil komitəsinin sədr müavini (görəsən sədri kimdir?), yuxarı tərədən Ədəbiyyat İnstitutunun direktoru, aşağı tərəfdən AMEA-nın Humanitar elmlər bölməsinin sədridir. Daha lüğətdə tərəfləri göstərən ifadələr qalmadığı üçün o biri vəzifələrini yazmıram. Hələ prezident olmazdan əvvəl keçirdiyi növbəti iclasların birində demişdi ki, bu gün bundan əvvəl 18 iclas keçirib. Onun prezident seçilməsi olsa-olsa keçirdiyi iclasların sayını artıra bilər, elmə elə bir töhfə verə bilməz. Dediyim odur ki, islahat deyilən nəsnə AMEA-nı elə vəziyyətə saldı ki, hətta İsa Həbbəyli kimi birisi də onun prezidenti ola bildi. Adam hələ birinci vitse prezident olanda müasir Azərbaycan dilçiliyinin ən mükəmməl bir alimi 80 yaşlı Tofiq Hacıyevə “məsləhət” görmüşdü ki, Tofiq müəllim yaxşı olar ki, özün ərizə yazıb könüllü şəkildə Dilçilik İnstitutunun direktoru vəzifəsindən gedəsən, biz səni əmrlə çıxarsaq “turdavoyun” körlanar. Əsl Mirzə Cəlilik mövzudur, özü də müasirindən.

Ramiz Mehdiyevdən sonra İsa Həbbəylinin Akademiyanın prezidenti təyin edilməsi AMEA deyilən qurumu yenidən ironiya mənbəyinə, gülüş hədəfinə çevirdi. Yəni İsa Həbibbəylinin prezidentliyi elə Akademiyanın Mehdiyevləşməsinin davamıdır, onun daha eybəcər formasıdır, regional xəstəliyin “elm məbədində” xroniki hal almasıdır. Vaxtılə mən onu və belələrini “donqili akademiklər” adlandırmışdım. İndi Akademiya özü bütövlükdə “Donqili Akademiya” oldu. Axır bu islahatların bir çıxacağı vardı. Şükür ki, bu xatasız ötüşdü və Milli Elmlər Akadeiyamızın “millisiz”” və elmsiz” donqili bir quruma çevrilməsi ilə yekunlaşdı.

Cəmil Həsənli, tarixçi alim

Bənzər yazılar

Back to top button