Siyasət

“Vətəndaş və İnkişaf” Partiyasının liderinin işi üzrə dördüncü məhkəmə prosesi başlayır

Oktyabrın 27-də Bakının Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə “Vətəndaş və İnkişaf” Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsində cinayət işi üzrə hazırlıq iclası başlayacaq. Bu barədə vəkil Şəhla Hümbətova bildirib.

Bu ilin sentyabrında Əli Əliyevə qarşı dördüncü cinayət işi açılıb. Bu dəfə o, kamera yoldaşını döyməkdə ittiham olunur. Əli Əliyev ittihamı təkzib edib, saxta və siyasi motivli ittiham adlandırıb. Əli Əliyevin tərəfdarları hesab edirlər ki, onu hökuməti kəskin tənqid etdiyinə görə uzun müddət təcrid etmək istəyirlər.

Oktyabrın 26-da vəkil Şəhla Hümbətova Əli Əliyevlə görüşmək üçün istintaq təcridxanasına buraxılmayıb.

* Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə (CM-in 147.1-ci maddəsi) 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə DSX-nin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini də təmin edərək, cəza müddətini bir ay uzadıb.

İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 helikopterinin qəzaya uğraması nəticəsində adı çəkilən zabitlərin sağ qalmasının qeyri-mümkün olması və helikopterin Rusiya tərəfindən vurulması ehtimalı barədə mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal rayon məhkəməsi hakim Yeni Azərbaycan partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin həbs müddətini 1 ilə qədər artırıb. Əli Əliyev 2021-ci ilin sentyabrında Bumeranq TV-yə videomüsahibəsində Göyüşovu “dovşan”, “hərif” və “masturbant” adlandırdıqdan sonra Göyüşov məhkəməyə müraciət edib.

Bu ifadələrə 2021-ci ilin sentyabrında internetdə yayılan Göyüşovun pornoqrafik çarx izlədiyini əks etdirən kadrlar səbəb olub. Bu kadrları yayan jurnalist həbs olunub, Göyüşov isə partiyadan çıxarılıb.

** Hüquq müdafiəçiləri Əliyevi siyasi məhbus kimi tanıyıblar.(Turan)

Bənzər yazılar

Back to top button