İqtisadiyyatManşet

“Dostluq” layihəsində niyə Azərbaycanın payı Türkmənistandan azdır?

Fevralın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Qanun layihəsini müzakirə edərək parlamentə təqdim edib.

Layihəyə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları 30% Azərbaycana, 70% Türkmənistana nisbətində bölüşdürüləcək.

Sənədə görə, “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.

İllərdir iki ölkə arasında mübahisə predmeti olan, sonda isə barəsində razılıq əldə olunan yatağın resursları niyə bu nisbətdə bölünür? Ümümi qazancın 30 faizini alan Azərbaycan Türkmənistanla imzalanmış Memorandumdan nə əldə edəcək?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Turan-a bildirib ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış sənəd hələlik memorandumdur. “Pay bölgüsü müvafiq kontrakt imzalananda müəyyənləşəcək. Hələlik təxminən 30 faiz Azərbaycandadır və təbii olaraq, bu pay bölgüsü də yatırımı nəzərdə tutur. Hər zaman pay bölgüsünə uyğun olaraq layihəni həyata keçirmək üçün yatırım da eyni miqdarda olur. Kimin nə qədər yatırıma imkanı varsa, kim işlərin daha böyük həcmini üzərinə götürübsə, təbii ki, pay bölgüsü də ona uyğun aparılır. Amma bütün bu məsələlər müqavilə imzalananda daha dəqiq olacaq, hər bir istiqamətdə dəyişiklik ola bilər”.

Deputatın fikrincə, imzalanmış memorandum böyük əhəmiyyət kəsb edir. “Azərbaycan bu razılaşmadan sonra Orta Asiyanın Avropa ilə enerji məsələlərində aktiv rol oynayacaq, Xəzərin bütün enerji ehtiyatları məhz Azərbaycan vasitəsilə dünyaya çıxacaq və Azərbaycanın nəqliyyat tranziti sistemlərindən istifadə edilməsi bizə əlavə zəruri divident gətirəcək”.

Komitə üzvü qeyd edib ki, uzun illərdir hamının gözlədiyi layihə üçün yaşıl işıq yanıb. “Bu gün artıq bizim region Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq. Bu, Azərbaycanda həyata keçirilən bütün layihələr üçün yeni və ciddi dəstəkdir. Buna sadəcə adi bir layihə kimi baxmaq kifayət eləmir. Bu məsələyə daha geniş baxmaq lazımdır”.

İqtisadçı Nemət Əliyev “AzadlıqRadiosu”na bildirib ki, mübahisəli olan yataq məsələsi neçə müddətdən bəri müzakirə predmetidir. “Türkmənistan özünü, Azərbaycan isə özünü haqlı bilir. Amma nəticənin bu qaydada bitməsi onu göstərir ki, ölkələr başqa variant tapmayıb və bu nisbətdə razılığa gəliblər ki, heç olmasa bu quyu istismardan kənarda qalmasın”.

Ekspert qeyd edib ki, yataqların işlənməsi məsələsində o yatağın kimə aid olması o qədər də önəm daşımır. “Orada sadəcə olaraq yatağın işlənməsi ilə bağlı razılaşma daha vacibdir. Orada kommersiya maraqlarının təmin olunması məsələsi daha önəmlidir. Məsələn, Azəri-Çıraq-Günəşli yataqları birmənalı Azərbaycana məxsusdur, amma hasilatın pay bölgüsündə Azərbaycanın payı çox azdır. Əsas gəlirlər yataqları istismar edən xarici şirkətlərə çatır, çünki onlar bu işə daha çox sərmayə qoyub. “Dostluq” yatağı məsələsində da belədir”.

N.Əliyev bildirib ki, “Dostluq” yatağının karbohidrogen resurslarının 30% Azərbaycana, 70% Türkmənistana nisbətində bölgüsü ölkələrin layihəyə yatırım etdiyi vəsaitə uyğundur.

O, hesab edir ki, Azərbaycanın layihəyə az həcmdə vəsait yatırmasının əsas səbəbi ölkənin indiki dövrdə maliyyə vəsaitlərinin az olması ilə bağlıdır. “Əgər biz 2021-ci ilin dövlət büdcəsinə nəzər salsaq, məlum olacaq ki, ötən illə müqayisədə bu il dövlət investisiya xərclərinə o qədər də vəsait ayıra bilməyib. Ölkə iqtisadiyyatına xarici investorlar tərəfindən yatırım göstəricisinə də baxsaq, görəcəyik ki, bu göstərici 6,8 milyarddan 2,9 milyard dollara düşüb. Yerli sərmayələr isə 16 milyarddan 5 milyard dollara düşüb. Azərbaycanın maliyyə resursları məhduddur, ona görə də Azərbaycan 30 faizlə kifayətlənməli olub”.

İqtisadçının fikrincə, ölkənin maliyyə resursları ona görə məhduddur ki, onların xərclənməsi səmərəli olmayıb. “Baxmayaraq ki, biz qaz və neft yataqlarının üstündə oturmuşuq və neft və qaz satışından yüz milyardlarla pul qazanmışıq, o pulu havaya sovurublar, bahalı binaların və tunellərin inşa edilməsi adı ilə təyinatdan yayındırıblar, indi isə neft yatağının işlənməsinə yatırım etmək üçün vəsait tapmırlar”.

Bənzər yazılar

Back to top button