Siyasət

Aslan İsmayılov niyə “kölgəyə çəkilib”? – Hüquqşünas səbəbləri açıqladı

Tanınmış hüquqşünas Aslan İsmayılov bir müddətdir ki, “kölgəyə çəkilib”. O, nə mediada, nə də sosial şəbəkələrdə görünür. Aslan İsmayılov “Facebook” hesabında sonuncu paylaşımı sentyabrın 9-da edib. Həmin gündən bu yana xeyli hadisə baş verib ki, normalda o, bu məsələlərin üzərindən sükutla keçməzdi. Bəs nə baş verib? Aslan İsmayılovun sükutunun səbəbi nədir? Bu suallara cavab almaq üçün hüquqşünasla əlaqə saxladıq.

– Aslan bəy, bir müddətdir görünməz olmusunuz. Sosial şəbəkələrdə xüsusilə fəallığı ilə seçilən bir şəxs kimi sentyabr ayından bu yana səhifənizdə heç bir məsələyə münasibət bildirimirsiniz. Bu sükutunuzun səbəbini bilmək olarmı?

– Mən bu barədə danışmaq istəmirəm, sizdən xahiş edirəm ki, bu mövzuda mənə suallar ünvanlamayın.

– Bəlkə hansısa təzyiqlərlə üz-üzəsiniz?

– Dedim axı, bu barədə danışmaq istəmirəm.

– Aslan müəllim, təzyiq məsələsini inkar etmədiniz…

– Vidadi, bir halda ki, təkid edirsən, qısa şəkildə niyə susduğum barədə danışacam, eyni zamanda xahiş edəcəm ki, bundan sonra heç kim bu mövzuda məni narahat etməsin. Çünki danışan deyiləm. Sükutumun səbəbi mənə qarşı hansısa təzyiq edilməsi deyil. Mən təzyiq yolu ilə mövqeyimdən geri çəkilən adam deyiləm. Hər halda illərdir müxtəlif təzyiqlərə məruz qalmışam, amma yenə də həqiqət bildiyim nəsnələri deməkdən çəkinməmişəm.

– Bəs səbəb nədir?

– Bilirsiniz ki, mənim sosial şəbəkələrdə – “Facebook”da, “Instagram”da səhifələrim var və üstəgəl “Facebook” hesabım var ki, onların izləyicilərinin toplam sayı 500 minə yaxındır. Bundan başqa, “Facebook” səhifəm kifayət qədər aktiv platformadır. Xüsusilə, müharibə dövründə səhifəmə baxış sayı fantastik dərəcədə çox olub. Lap dəqiq rəqəm də deyə bilərəm: 14 milyon.

Səhifə yaratmaqda, onu işlətməkdə hər kəsin bir məqsədi olur. Kimi biznes maraqları, kimi siyasi iddiaları reallaşdırmaq, kimi də hansısa qrupların maraqlarını müdafiə üçün və s. məqsədlə səhifə yaradır.

– Siz nə üçün yaratmısınız, maraqlıdır…

– Elə ona gəlirəm. Tam səmimiyyətimlə deyirəm ki, mənim səhifə yaratmaqda, onu işlətməkdə məqsədim yuxarıda sadaladıqlarım deyil. Nə siyasi iddiam var, nə biznesim var, nə də hansısa qrupda təmsil olunuram. Mən sadəcə yeni dövrün tələblərini nəzərə alaraq bu platformadan istifadə edib, dövlətin və millətin maraqlarını müdafiə etməyə çalışıram. Paylaşımlarımdan bu açıq şəkildə görünür. Nə kimisə təbliğ edirəm, nə kiməsə böhtan atıram, nə hansısa biznes layihəsini reklam edirəm və s. Məqsədim, yenə də deyirəm, bacardıqca dövlətçiliyi müdafiə etməkdir. Amma məsələ burasındadır ki, bu kimlərinsə xoşuna gəlmir.

– Nədən bu qənaətə gəlmisiniz?

– Girin səhifəmə baxın, özünüz görəcəksiniz. Söyürlər, təhqir edirlər…

– Deməli, hansısa “Facebook” istifadəçisinin sizi təhqir etməsi sizdə belə qənaət formalaşdırıb?

– Məni söyənlər hansısa “Facebook” istifadəçiləri deyil…

– Bəs kimlərdir?

– Müharibədən əvvəl Ramiz Mehdiyev və Əli Həsənovun adamları, Rusiya və İranın agentura şəbəkəsinin üzvləri edirdi bunu. Amma indi Ramiz Mehdiyev və Əli Həsənov yoxdur. Yenə də söyürlər. Müharibədən sonra isə xüsusi kampaniya başlayıb, sanki bu adamlar sıradan şəxslər deyillər. Mən deyərdim ki, güc strukturlarının agentləridir. Adbaad deyə bilərəm, sadəcə hələ lazım bilmirəm.

– Güc strukturları niyə sizə qarşı belə bir addım atsın ki? Bu barədə müraciətləriniz olubmu?

– Bilmirəm niyə belə edirlər. Bəli müraciətlərim olub. Təbii, cavab bu olub ki, onlarlıq bir iş yoxdur. Baxın, illərdir məni təhqir edənləri məhkəməyə verib onların cəzalandırılmasına nail ola bilmirəm. Amma mən tutaq ki, AFFA haqqında tənqidi fikir səsləndirən kimi məni məhkəməyə veriblər və məhkəmə də üzr istəməyim barədə qərar çıxarıb. Əlbəttə ki, üzr istəməyəcəm. İndi mövzu bu olmadığına görə geniş danışmaq istəmirəm.

– Zaman-zaman adınız hakimiyyətin adamı kimi hallanıb. Amma siz “Facebook”da təhqir olunmanızda az qala iqtidarı ittiham edirsiniz. Bəlkə bu, “hakimiyyətin adamı” ittihamından yayınmaq üçündür?

– Mən heç vaxt heç kimin adamı olmamışam. Heç bir qrupda təmsil olunmamışam. Bunu hakimiyyətdəkilər də, müxalifətdəkilər də bilir. Hakimiyyəti də az tənqid etməmişəm. Məgər Ramiz Mehdiyev, Əli Həsənov bu hakimiyyətdə təmsil olunmurdu? Bu şəxslər vəzifədə olanda, necə deyərlər qılınclarının qəbzəsi də kəsəndə, onlara yaltaqlanmaq üçün növbələr olanda, mən onları kəskin tənqid etmişəm. Mətbuatda onlarla bağlı kəskin müsahibələrim dərc olunub. Elə indinin özündə də tənqid edirəm. Girin səhifəmə baxın.

Mən “Facebook” səhifəsini yaradanda ilk vaxtlardan izləyicilərimə söz vermişdim ki, ağa ağ, qaraya qara deyəcəm. Məsələlərə müxalifət, iqtidar nöqteyi nəzərindən yox, dövlətçilik nöqteyi nəzərindən yanaşacam. Bu gün də bu vədimə sadiqəm. Siz elə bilirsiniz ki, izləyicilərimin sayının çox olması təsadüfidir. Məni ayrı-ayrı qruplara bağlayırlar, haqqımda nə gəldi yazırlar, hətta övladlarımı bu işlərə qoşurlar. Vəziyyət artıq dözülməz həddədir. Mən dövləti, onun maraqlarını müdafiə etdiyim halda söyülürəmsə və dövlət də bir tədbir görmürsə, nə etməliyəm?

– Bu “taym-aut” nə qədər çəkəcək?

– Deyə bilmirəm. Amma fakt odur ki, bu gün heç bir məsələyə münasibət bildirmək istəmirəm. Gündə bəlkə 10 adam mənə yazır, zəng vurur, susmağımın səbəbini soruşur. Çünki çoxları fərqindədir ki, sosial şəbəkələr bu gün böyük gücdür və mənim səhifəm də kifayət qədər izləyicisi olan, aktiv, ictimai rəyə təsir göstərən səhifədir. Bununla belə, hələ ki, susmağa üstünlük verirəm. Mən şərəf və ləyaqətin nə olduğunu bilən, onu qoruyan kişiyəm. Eyni zamanda abırlı adamam. (Qaynarinfo.az)

Bənzər yazılar

Back to top button