İdman

“Qarşımızda çox güclü rəqib var, amma…” – Artur Jorje iddialı danışdı

Portuqaliyanın “Braqa” komandasının baş məşqçisi Artur Jorje “Qarabağ”a qarşı Bakıda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransı keçirib.

52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib:

“İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. “Qarabağ” isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. “Braqa”nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır. Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır.

Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. “Qarabağ”ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. “Qarabağ” həm güclü komandadır, həm də individual cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orada “Qarabağ” üstün idi. Bu da hesabda öz əksini tapdı. Hətta ikinci hissədə bir periodda başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq”.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

Bənzər yazılar

Back to top button