İdman

“Barselona” “Qarabağ”ın potensial rəqibləri arasında

Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

Aut.az xəbər verir ki, 4 qrup çərçivəsində daha 8 oyun baş tutub.

E qrupunda “Çelsi” Avstriyada “Zalsburq”a qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su “Milan”ı qəbul edib. 25 yaşlı forvard bu görüşün sonunadək ehtiyatda qalıb. Komandası isə doğma meydanda darmadağına üzülüb.

F qrupunda “Leypsiq” doğma meydanda Madrid “Real”ına qalib gəlib. Donetsk “Şaxtyor”u isə Şotlandiyada “Seltik”lə bərabərə qalıb.

G qrupunda “Sevilya” doğma meydanda “Kopenhagen”i 3 cavabsız qolla yenib. Digər oyunda isə Dortmund “Borussiya”sı ilə “Mançester Siti” üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Amma bu heç-heçə Almaniya təmsilçisinin 1/8 finala yüksəlməsi üçün yetərli olub. “Sevilya” isə qrupda 3-cü yeri tutaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Böyük ehtimalla, “Qarabağ” da pley-off mərhələsində olacaq. Deməli, “Sevilya” “köhlən atlar”ın potensial rəqiblərindən biridir.

H qrupunda isə PSJ və “Benfika” 1/8 finala vəsiqəni təmin ediblər. Paris klubu evdə Hayfa “Makkabi”sini böyük hesabla məğlub edibsə, Lissabon təmsilçisi də “Yuventus”a qalib gəlib.

Bu gün keçirilən oyunlarla Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.

A qrupunda “Liverpul” “Ayaks”ın qonağı olub. Mersisaydlılar səfərdə darmadağınla qalib gələrək vaxtından əvvəl 1/8 finala adlayıblar. Qrupun digər matçında “Napoli” İtaliyada “Reyncers”i sınağa çəkib və növbəti qələbəsini rəsmiləşdirib.

B qrupunda “Portu” Belçikada “Brügge”yə böyük hesabla qalib gələrək pley-offa vəsiqəni təmin edib. Buna Madrid “Atletiko”sunun “Bayer”lə ev oyununda xal itirməsi də şərait yaradıb.

C qrupunda “İnter” Plzen “Viktoriya”sını 4 cavabsız qolla yenib. Nəticədə İtaliya təmsilçisi vaxtından öncə 1/8 finala yüksəlib. “Barselona” isə “Bayern”ə doğma meydanda uduzub. Kataloniya təmsilçisi mübarizəni Avropa Liqaının pley-off mərhələsində davam etdirəcək.

D qrupunda isə “Tottenhem” evdə “Sportinq”lə bərabərə qalıb. Qrupun digər oyununda Marsel “Olimpik”i “Ayntraxt”ın (Frankfurt) qonağı olub və məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bayern” və “Borussiya” (Dortmund), İspaniyanın “Real”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur

25 oktyabr

E qrupu

Zalsburq (Avstriya) – Çelsi (İngiltərə) 1:2
Qol: Adamu, 49 – Kovaçiç, 23. Haverts, 64.

Dinamo (Zaqreb, Xorvatiya) – Milan (İtaliya) 0:4
Qol: Qabbia, 39. Leao, 49. Jiru, 59. Lyubiçiç, 69-öz qapısına.

Xal: Çelsi – 10. Milan – 7. Zalsburq – 6. Dinamo – 4.

F qrupu

Seltik (Şotlandiya) – Şaxtyor (Donetsk, Ukrayna) 1:1
Qol: Yakumakis, 34 – Mudrik, 58.

Leypsiq (Almaniya) – Real (İspaniya) 3:2
Qol: Qvardiol, 13. Nkunku, 18. Verner, 81 – Vinisius, 44. Rodriqo, 90+4-pen.

Xal: Real – 10. Leypsiq – 9. Şaxtyor – 6. Seltik – 2.

G qrupu

Sevilya (İspaniya) – Kopenhagen (Danimarka) 3:0
Qol: En Nesiri, 61. İsko, 88. Montyel, 90+2.

Borussiya (Dortmund, Almaniya) – Mançester Siti (İngiltərə) 0:0

Xal: Mançester Siti – 11. Borussiya – 8. Sevilya – 5. Kopenhagen – 2.

H qrupu

PSJ (Fransa) – Makkabi (Hayfa, İsrail) 7:2
Qol: Messi, 19; 45. Mbappe, 32; 64. Neymar, 35. Qoldberq, 67-öz qapısına. Soler, 84 – Sek, 38; 50.

Benfika (Portuqaliya) – Yuventus (İtaliya) 4:3
Qol: A.Silva, 17. J.Mario, 28-pen. R.Silva, 35; 50 – M.Kin, 21. Milik, 77. Makkenni, 79.

Xal: PSJ – 11. Benfika – 11. Yuventus – 3. Makkabi – 3.

26 oktyabr

A qrupu

Napoli (İtaliya) – Reyncers (Şotlandiya) 3:0
Qol: C.Simeone, 11; 16. Estiqor, 80.

Ayaks (Niderland) – Liverpul (İngiltərə) 0:3
Qol: Salah, 42. Nunes, 49. Elliott, 52.

Xal: Napoli – 15 . Liverpul – 12. Ayaks – 3. Reyncers – 0.

B qrupu

Brügge (Belçika) – Portu (Portuqaliya) 0:4
Qol: Taremi, 33; 70. Evanilson, 57. Eustakio, 60.

Atletiko (Madrid, İspaniya) – Bayer (Almaniya) 2:2
Qol: Karrasko, 22. De Paul, 50 – Diabi, 9. Hadson-Odoi, 29.

Xal: Brügge – 10. Portu – 9. Atletiko – 5. Bayer – 4.

C qrupu

İnter (İtaliya) – Viktoriya (Plzen, Çexiya) 4:0
Qol: Mxitaryan, 35. Dzeko, 42; 66. Lukaku, 87.

Barselona (İspaniya) – Bayern (Almaniya) 0:3
Qol: Mane, 10. Şupo-Motinq, 31. Pavar, 90+5.

Xal: Bayern – 15. İnter – 10. Barselona – 4. Viktoriya – 0

D qrupu

Tottenhem (İngiltərə) – Sportinq (Portuqaliya) 1:1
Qol: Bentankur, 80 – Eduards, 22.

Ayntraxt (Almaniya) – Olimpik (Marsel, Fransa) 2:1
Qol: Kamada, 3. Muani, 27 – Genduzi, 22.

Xal: Tottenhem – 8. Sportinq – 7. Ayntraxt – 7. Olimpik – 4.

Bənzər yazılar

Back to top button